20 Oktyabr – Energetiklərin peşə bayramı günüdür
Bu gün ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir tarixlə bağlıdır. Məhz 1981-ci il oktyabrın 20-də – 45 il əvvəl – Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku istifadəyə verilmiş, bununla da milli elektroenergetikamızın inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə təsis edilən bu peşə bayramı ölkə rəhbərliyinin energetiklərin fədakar əməyinə verdiyi böyük dəyərin bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyevin Energetika Sahəsinə Xüsusi Diqqət və Qayğısı
Müasir Azərbaycanın energetika sisteminin formalaşması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti ilə sıx bağlıdır. Hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təşəbbüsü ilə respublikamızda iri elektrik stansiyaları tikilmiş, güclü enerji infrastrukturu qurulmuşdur. Müstəqilliyin ilk illərindəki çətin şəraitdə məhz Ümummilli Liderin qətiyyəti sayəsində energetika kompleksi tənəzzüldən xilas edilmiş, Azərbaycanın müstəqil enerji sisteminin möhkəm bünövrəsi qoyulmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və inkişaf
Bu gün Ulu Öndərin strateji kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə energetika sektoru keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Reallaşdırılan hərtərəfli islahatlar və modernləşmə sayəsində Azərbaycan öz daxili potensialı hesabına enerji təhlükəsizliyini 100 faiz təmin edən və regionun aparıcı enerji ixracatçısına çevrilən nadir dövlətlərdəndir.
Bu gün ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 10 min 75,5 meqavata çatıb. Bütün Cənubi Qafqazın ən böyük enerji müəssisəsi olan 1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi, “Qobustan” Günəş Elektrik Stansiyası kimi strateji obyektlərin açılışı və bərpaolunan enerji mənbələrinin payının sürətlə artırılması bu inkişafın əyani göstəricisidir.
Hazırda ölkəmizdə “Masdar”, “ACWA Power”, “bp” kimi beynəlxalq tərəfdaşlarla irimiqyaslı yaşıl enerji layihələri icra olunur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yaradılan “Yaşıl Enerji Zonası” konsepsiyası, həmçinin “Xəzər–Qara dəniz–Avropa” və “Mərkəzi Asiya–Azərbaycan” Yaşıl Enerji Dəhlizləri ölkəmizi qlobal enerji keçidinin öncüllərindən birinə çevirir.
Əziz Energetiklər!
Sizin yüksek peşəkarlığı, fədakarlığı və gərgin əməyi sayəsində ölkəmizin hər bir guşəsi işıqla, istiliklə təmin olunur, iqtisadiyyatımız inamla inkişaf edir. Ölkəmizin enerji təhlükəsizliyinə və gücünə verdiyiniz əvəzsiz töhfələrə görə hər birinizə dərin minnətdarlığımızı bildiririk.
Sizi bir daha 20 Oktyabr – Energetiklər Günü münasibətilə samimiyyətlə təbrik edir, sizə və ailələrinizə möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq!
Bayramınız mübarək olsun!








