Əbədi suverenlik və böyük qayıdış - Qarabağda dirçələn həyatın zəfər salnaməsi
Azərbaycanın zəfər tarixinin coğrafiyasında Xankəndi şəhəri xüsusi, simvolik məna daşıyır ki, bu da dövlət başçısının həyata keçirdiyi strateji addımlarda qabarıq şəkildə özünü göstərir. Prezident İlham Əliyevin noyabrın 8-də xalqına etdiyi müraciəti məhz Xankəndidə, şanlı qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə gerçəkləşdirməsi tarixi ədalətin bərpasının və qürurun zirvəsi oldu.
Vaxtilə dövlət başçısının səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı və bu qətiyyətli nida işarəsinin 2023-cü il sentyabrın 20-də məhz Xankəndində qoyulması bu missiyanın məntiqi sonluğunu təmin etdi.
Keçmişdə təcavüzün beşiyi olan və separatçıların “paytaxt” kimi istifadə etdiyi keçmiş icra hakimiyyəti binası isə bu gün tamamilə yenidən qurularaq Zəfər Muzeyinə çevrilir. Prezident İlham Əliyevin haqlı olaraq “O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra – 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək” sözləri bu məkanın simvolik transformasiyasını ən dəqiq şəkildə əks etdirir. Bu gün həmin o binanın gələcək nəsillərə tarixi həqiqətləri çatdıracaq muzeyə çevrilməsi ilə yanaşı, bu cinayətlərin təşkilatçıları olan hərbi cinayətkarların hazırda Bakı həbsxanalarında öz layiqli cəzalarını çəkmələri hüququn, ədalətin və suverenliyin təntənəsinin ayrılmaz tərkib hissəsidir.
İkinci Qarabağ müharibəsi Azərbaycanın həm döyüş meydanındakı misilsiz peşəkarlığının, həm də strateji üstünlüyünün təntənəsi kimi tarixə yazılıb. 44 günlük müharibə dövründə 300-dən çox şəhər və kənd məhz döyüş meydanında azad edilib, noyabrın 8-də isə alınmaz qala olan Şuşanın azad edilməsi bütün müharibənin taleyini həlledici şəkildə həll edib. Düşmən qaçılmaz məğlubiyyəti anladıqdan və Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra isə Kəlbəcər, Ağdam və Laçın rayonları bir güllə atılmadan, hərbi itki verilmədən, şəhid verilmədən ana vətənə geri qaytarılıb. Bu tarixi zəfərin arxasında Azərbaycan əsgərinin və zabitinin yüksək mənəvi-psixoloji hazırlığı dayanırdı. Döyüşlər zamanı Azərbaycan Ordusundan bir nəfər də olsun fərari olmadığı halda, Ermənistan tərəfi darmadağın edilən ordusunda 12 minə yaxın fərarinin olduğunu açıq şəkildə etiraf etmişdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi uğurlar ölkənin dinamik və hərtərəfli inkişafı, davamlı sosial-iqtisadi tərəqqi, beynəlxalq miqyasda nüfuzun sürətlə yüksəlməsi və uğurlu, fəal diplomatiyanın həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Bu qələbənin arxasında Cənab Prezidentin dəmir iradəsi, qətiyyəti, prinsipiallığı, müdrikliyi və uzaqgörənliyi dayanır. Xüsusilə də uzun illər davam edən işğal dövründə müxtəlif xarici qüvvələrin və güc mərkəzlərinin təzyiqlərinə baxmayaraq, Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyətli və güzəştsiz mövqe hər zaman milli maraqları hər şeydən üstün tutduğunu sübuta yetirdi. Döyüş meydanında isə güclü ordu, müasir hərbi texnika və hərbi qulluqçularımızın peşəkarlığı ilə yanaşı, xalqın və hərbçilərin nümayiş etdirdiyi yüksək milli ruh, ləyaqət, dərin milli birlik və həmrəylik Zəfəri şərtləndirən əsas amillər kimi tarixə düşdü. Məhz bu möhkəm təməlin və uzaqgörən siyasətin məntiqi davamı olaraq, 2023-cü il sentyabrın 20-də həyata keçirilən birgünlük uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün suveren ərazilərində ərazi bütövlüyü tam şəkildə bərpa olundu.
İşğal dövründə Ermənistan tərəfindən yerlə-yeksan edilən, tarixi abidələri, mədəniyyət ocaqları və məscidləri amansızcasına dağıdılan şəhər və kəndlərin bu gün yenidən qurulması və müasir standartlara uyğun şəkildə yenidən tikilməsi Azərbaycan dövlətinin iqtisadi və sosial gücünün əyani sübutudur. Həyata keçirilən bu misilsiz miqyaslı tikinti-bərpa prosesinin ən ali məqsədi isə doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın təhlükəsiz və rahat şəraitdə geri dönməsini təmin etməkdir. Məhz bu məqsədlə uğurla icra olunan “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində artıq 100 minə yaxın insanın azad edilmiş ərazilərdə daimi məskunlaşması, yaşaması və çalışması təmin edilib ki, bu da Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qovuşduğunun və əsl sahiblərinin qucağına döndüyünün ən parlaq göstəricisidir.
Azərbaycan dövləti zəngin milli-mənəvi dəyərlər üzərində qurulub və ölkədəki bütün etnik qrupları, müxtəlif dinlərin nümayəndələrini bir ailə kimi sıx birləşdirən əsas fəlsəfə məhz Azərbaycançılıq məfkurəsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideologiyası ölkəmizi zamanın ağır siyasi, hərbi, iqtisadi və humanitar sınaqlarından uğurla qurtararaq gələcəyə doğru aparan, xalqı vahid amallar uğrunda səfərbər edən milli düşüncə və iradənin ən ali təcəssümüdür. Bu ideologiyanın və həyata keçirilən uzaqgörən siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən tam müstəqil, ləyaqətli və heç kimdən asılı olmayan qüdrətli bir dövlətə çevrilib.
Ölkəmizin qarşısında duran əsas strateji məqsəd isə gələcəkdə artıq heç kimin Azərbaycana zərər vermək və ya təsir göstərmək fikrinə belə düşə bilməyəcəyi qədər güclü, toxunulmaz və etibarlı mövqeyə malik olmaqdır.
Mətanət Əliyeva








