2020-ci ilin noyabr ayından bəri 103 min hektardan çox ərazi minalardan təmizlənib
2020-ci ilin noyabr ayından etibarən 103 000 hektardan çox ərazi minalardan təmizlənib.
“TV1” xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
ANAMA sədri əlavə edib ki, sözügedən dövrdən etibardən minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və şəhərlərin bərpası prosesi ilə birbaşa əlaqələndirilib:
“Ərazilərin təmizlənməsi geri qayıdan sakinlər üçün yeni yaşayış məntəqələrinin, yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin və zəruri xidmətlərin yaradılmasına imkan verib. Bundan əlavə, yolların, enerji infrastrukturunun, kənd təsərrüfatının və digər prioritet layihələrin həyata keçirilməsi üçün də əhəmiyyətli olan ərazilər təmizlənib”.
Onun sözlərinə görə, tədbirin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyi tam təmin etmək üçün çalışmaq və müzakirələr aparmaqdır:
“Builki konfransın mövzusu Azərbaycanın öz təcrübəsini birbaşa əks etdirir. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində şəhərlərin bərpası tikinti ilə başlamır. Bu proses ərazinin təhlükəsiz vəziyyətə gətirilməsi ilə başlayır. Yol çəkilməzdən əvvəl onun keçəcəyi ərazi minalardan təmizlənməlidir. Məktəb fəaliyyətə başlamazdan əvvəl onun ətrafı təhlükəsiz olmalıdır”.
Agentlik sədri əlavə edib ki, Azərbaycan mina probleminin həllində güclü milli iradə və məsuliyyət nümayiş etdirib. 2020-ci ilin noyabr ayından etibarən ölkədə humanitar minatəmizləmə fəaliyyətinə təxminən 590 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Bu məbləğin təxminən 4 faizi beynəlxalq dəstək hesabına təmin edilib, qalan hissəsi isə Azərbaycan hökuməti tərəfindən qarşılanıb.
“44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 298 min hektardan çox ərazi təmizlənib və 260 min ədəddən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib”, – o qeyd edib.








