media-1200x100

22 noyabr Sumqayıt şəhər günüdür - VİDEO 

media-ads_728_90

Bu gün Sumqayıtın şəhər statusu almasından 75 il ötür.

Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək və Bakı yaxınlığında ikinci bir sənaye mərkəzi tikmək məqsədi ilə 1938-ci ildə tikinti işlərinə başlanılır. Lakin İkinci dünya müharibəsi  ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır.

Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinib. Sənaye şəhəri Sumqayıtın baş planı Leninqrad və Moskvadakı layihə institutlarında hazırlanıb.

Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilib.

Sumqayıt inzibati rayonu Xəzər dənizi şimal-qərb sahili boyunca duzənlik sahədə yerləşir. İnzibati rayon ərazisi Abşeron yarımadası ərazisinin 9495 hektarını təşkil edir. Torpağı günəşli, iqlimi quru suptropik və yarımsəhradır. Şəhər ərazisindən Sumqayıt çayı axır. Şəhərin cənubundan Samur-Abşeron kanalı axır. Kanal Ceyranbatan su anbarına tökülür.

Sumqayıtda intensiv şəkildə şəhər tikintisinə ötən əsrin 50-ci illərindən başlanılıb. Burada tədricən neft-kimya sənayesi formalaşdırılıb. Xəzərin ləpədöyənindəki Sumqayıt inkişaf mərhələsinə qədəm qoyub və kimyaçılar şəhəri kimi tanınmağa başlayıb.

Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam edib. Müvəffəqiyyətlə gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində yeni texnologiyalar əsasında “Sumqаyıt Tехnоlоgiyаlаr Pаrkı” və “Sumqayıt Kimya Sənaye Parkı”, həmçinin digər mühüm obyektlər qurulmuşdur.

Sumqayıt şəhəri respublikamızda elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisinə bu gün də layiqli töhfələr bəxş edir.

Davamlı yeniləşən Sumqayıtın hazırkı sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyevin 14 fevral tarixli Sərəncamına əsasən Sumqayıtın 70 illiyi ilə bağlı təntənəli bayram tədbirləri keçirilib.

Bu yubiley günü münasibəti ilə Sumqayıt şəhər sakinlərini təbrik edirik!

media-ads_728_90
Paylaş