AQEM sammitinin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib.
“TV1” xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəlif istiqamətlər üzrə irəli sürdüyü təşəbbüslər və təşkil etdiyi tədbirlər alqışlanır.
Bakı Bəyannaməsində beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə mövcud risklərə qarşı mübarizə yolları ilə bağlı konkret müddəalar əksini tapıb. Sənəddə, həmçinin, dözümlülüyün və sivilizasiyalararası dialoqun təşviqinə, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bununla yanaşı, süni intellektin inkişafı nəticəsində yaranan imkanlar və risklər də sənəddə ön plana çəkilir.
Bəyannamədə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsi, eləcə də enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı müddəalar da yer alır.








