Azad edilmiş ərazilərdə sakinlərə cins damazlıq heyvanlar verilir

media-ads_728_90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cins damazlıq heyvanların verilməsinə başlanılıb.

“TV1”  xəbər verir ki, “Simmental” və “Holstein” cinslərindən olan heyvanlar Ağdam, Xocalı və Laçın rayonlarında sakinlərə təqdim olunub və onların hər birinə 2 baş cins inək verilib.

Ağdam rayonunun Xıdırlı kəndində cins heyvanların verilməsi tədbirində bildirilib ki, cins damazlıq heyvanların paylanmasına işğaldan azad edilmiş ərazilərdən başlanması təsadüfi deyil. Çünki işğaldan azad edilmiş rayonlar yenidən canlanır, iqtisadiyyat bərpa olunur və yerli əhali öz işlərini qurur. Özünüməşğulluq proqramı isə bu yenidənqurma və dirçəliş prosesinə bir dəstəkdir.

Xocalı rayonunun Seyidbəyli kənd sakini Sabir Zamanov aldığı heyvanlardan razılığını ifadə edərək deyib: “Kəndimiz maldarlıq üçün çox uyğundur. Ona görə də müraciət etdim və bizə iki baş heyvan verdilər. Çox yaxşı, cins mallardır. Çox da razıyıq”.

O, gələcəkdə heyvandarlığı inkişaf etdirmək, təsərrüfatını genişləndirmək və bu sahədən qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Xocalı rayonunun Badara kənd sakini Xəqani Nurməmmədov da özünüməşğulluq proqramının ailə təsərrüfatı üçün faydalı olacağına ümid etdiyini söyləyib: “Bir ilə yaxındır ki, Xocalıya köçmüşük. Dövlət Məşğulluq Agentliyi bizi qeydiyyata aldı və bu gün cins mallarla təmin edildik. “Simmental” və “Holşteyn” cinsləri həm ətlik, həm də südlükdür. Ailə təsərrüfatımız üçün xeyirli iş olacaq, inşallah. Bu heyvanların süd verimi də, ət verimi də yüksəkdir. Gələcəkdə təsərrüfatımızı inkişaf etdirmək fikrimiz var”.

Qeyd edək ki, ümumilikdə, işğaldan azad edilmiş ərazilərə köçürülmüş şəxslərdən bu günədək 1116 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Bu bizneslərin 661-i kənd təsərrüfatı, 455-i isə istehsal və xidmət istiqamətləri üzrədir.

Cins heyvandarlıq üzrə aktivlərin təqdim edilməsi özünüməşğulluq proqramına cəlb olunan sakinlərin təsərrüfat fəaliyyətinin inkişafına, məhsuldarlığın artırılmasına və dayanıqlı gəlir imkanlarının formalaşdırılmasına dəstək məqsədi daşıyır.

Yeni zərf üzrə aktivlərin təqdim olunması növbəti günlərdə Xocavənd və Ağdərə rayonlarında davam etdiriləcək.

media-ads_728_90
Paylaş