AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
Azərbaycan Hava Yolları (AZAL) bu gündən etibarən Dubay istiqamətində uçuşların icrasına yenidən başlayır.
“TV1” xəbər verir ki, bu barədə AZAL-ın rəsmi sosial media hesabında paylaşımda bildirilir.
Qeyd olunur ki, reyslər bu gündən etibarən yenidən həyata keçirilir və uçuşlar həftənin bütün günləri yerinə yetiriləcək. Bununla da sərnişinlər Dubay şəhərinə müntəzəm aviareyslərlə səyahət edə biləcəklər.
Bakı–Dubay marşrutu üzrə uçuşların bərpası sərnişinlər üçün həm turizm, həm də biznes səfərləri baxımından əlavə imkanlar yaradır. AZAL-ın həftəlik müntəzəm reysləri sayəsində sərnişinlər bu istiqamətdə daha rahat səyahət edə biləcəklər.
Xatırladaq ki, Yaxın Şərqdə hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL fevralın 28-də Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.








