Azərbaycan əleyhinə çıxışlar edən Çadayev nazirin müşaviri vəzifəsindən istefa verib
Azərbaycan əleyhinə açıqlamalar verən Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib.
“TV1” xəbər verir ki, keçmiş məmur bu barədə teleqram kanalında yazıb.
“Mən Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa vermək qərarına gəldim”, – deyə o qeyd edib.
“Podkastlarda dediyim, paylaşdığım hər şey yalnız mənim şəxsi qiymətləndirmələrimi — dronlar, texnoloji suverenlik və bununla bağlı siyasi proseslər mövzusuna dərindən bələd olan bir mütəxəssisin fikirlərini əks etdirir. Digər tərəfdən, Rusiya Nəqliyyat Nazirliyi fundamental dövlət vəzifələri ilə məşğul olur. Xüsusilə, qurum “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini qurur və inkişaf etdirir, fasiləsiz tranzit daşımaları ilə bağlı mürəkkəb məsələləri həll edir, həmçinin ölkə iqtisadiyyatının əsasını təşkil edən, həyati əhəmiyyət kəsb edən bir sıra digər vəzifələri yerinə yetirir. O cümlədən Azərbaycan istiqamətində. Qərarımın arxasındakı məntiq sadədir. Heç kimin şəxsi ekspert mövqeyinin və ya ictimai bəyanatlarının dövlətlərarası münasibətlərə təsir etməsini və dövlətlər arasında əməkdaşlığa maneələr yaratmasını düzgün hesab etmirəm.”
Xatırladaq ki, avqustun 17-də Azərbaycanın Baş Prokurorluğu terrorizm çağırışlarına görə Rusiyanın üç vətəndaşını beynəlxalq axtarışa verib: bunlar “Moskva 24” televiziya kanalının aparıcısı və jurnalist İvan Andreyeviç Knyazev, Rusiya Federasiyasında özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Sergeyeviç Uralov, televiziya jurnalisti və müxbir kimi çalışan Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Aleksandroviç Çadayevdir.
Baş Prokurorluğun açıqlamasına görə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar, ərazi bütövlüyünün pozulması, etnik nifrət, düşmənçiliyin qızışdırılması və terrorizmə açıq çağırışlar ittihamları ilə başlanmış cinayət işi üzrə ilkin istintaq aparılır.
Bu gün səhər Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya səfiri Mixail Yevdokimovu çağırıb, diplomata həmin ölkənin mediasında Azərbaycan xalqı və onun rəhbərliyinə qarşı son təxribatçı açıqlamalarla bağlı sərt etiraz bildirilib.








