Azərbaycan Polisi – xalqın etibarlı dayağı və dövlətçiliyin qarantı
Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü qeyd olunur.Hər bir güclü dövlətin əsas sütunlarından biri sabitlik, qanunun aliliyi və ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunmasıdır. Bu mühüm missiyanı yerinə yetirən əsas təsisatlardan biri isə polis orqanlarıdır.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan polis orqanları ilk müstəqil dövlətimizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb.
Azərbaycan polisi fəaliyyətini “Qanun naminə, xalqın xidmətində” prinsipi əsasında quraraq cəmiyyətin etimadını qazanmışdır. Hər gün minlərlə polis əməkdaşı gecə-gündüz xidmət apararaq insanların təhlükəsiz yaşayışını, ictimai asayişi və qanunun aliliyini təmin edir.

Müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaos, hüquqi böhran və cinayətkar qruplaşmaların fəallaşdığı dövr artıq tarixdə qalıb. Həmin illərdə ictimai təhlükəsizlik ciddi təhdid altında idi.
“Azərbaycan polisi dövlətçiliyimizin dayaqlarından biridir. Polis əməkdaşları öz xidməti borclarını yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirirlər.” Bu fikir Prezident İlham Əliyevin polis əməkdaşlarının fəaliyyətinə verdiyi yüksək qiymətin ifadəsi olmaqla yanaşı, Azərbaycan polisinin cəmiyyətdəki yerini və rolunu da aydın şəkildə əks etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Daxili İşlər Nazirliyinin maddi-texniki bazası əsaslı şəkildə yenilənib, müasir xidmət avtomobilləri, xüsusi texnika, rəqəmsal müşahidə sistemləri, videonəzarət şəbəkələri, süni intellekt elementləri ilə işləyən idarəetmə mexanizmləri tətbiq olunub.

Müasir dövrdə təhlükəsizlik hər bir ölkənin inkişafının əsas şərtlərindən biridir. İqtisadi yüksəliş, investisiya mühiti, turizmin inkişafı və vətəndaşların rifahı ilk növbədə sabitlikdən asılıdır. Azərbaycan polisi bu sabitliyin qorunmasında həlledici rol oynayır.

Azərbaycan polisi tarix boyu dövlətimizin ən ağır sınaqlarında ön sıralarda olub. Birinci Qarabağ müharibəsi illərində yüzlərlə polis əməkdaşı silaha sarılaraq torpaqlarımızın müdafiəsində iştirak edib, onların çoxu şəhidlik zirvəsinə ucalıb.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi polis əməkdaşlarının və Daxili Qoşunların qəhrəmanlıq salnaməsinə yeni şanlı səhifələr yazdı.
Daxili işlər orqanlarının şərəf salnaməsində 44 günlük Vətən müharibəsi xüsusi yer tutur. Daxili Qoşunların xüsusi təyinatlıları döyüş əməliyyatlarında yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək mühüm strateji tapşırıqları uğurla yerinə yetiriblər. Döyüşlər zamanı düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbələr endirilib. Vətən müharibəsində Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb. Göstərilən igidliyə görə 1690 əməkdaş müxtəlif orden və medallarla təltif edildi, onlardan 4-ü isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
2023-cü ilin lokal antiterror tədbirləri zamanı da daxili işlər orqanlarının əməkdaşları yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirərək ölkəmizin suverenliyinin tam bərpa olunmasına öz töhfələrini verdilər.

Laçın-Xankəndi yolunda keçirilən ekoloji aksiya zamanı polis əməkdaşları dinc aksiya iştirakçılarının təhlükəsizliyini təmin etməklə yanaşı, ictimai asayişi qoruyaraq yüksək peşəkarlıq nümayiş etdirdilər.
İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin bərpası və dayanıqlı həyatın təmin olunması istiqamətində DİN-in əməkdaşları mühüm vəzifələri yerinə yetirirlər. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi üçün hüquq-mühafizə orqanları fasiləsiz xidmət apararaq ictimai asayişin qorunmasını və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin edirlər.

COVID-19 pandemiyası bütün dünya üçün ciddi sınaq oldu. Həmin dövrdə polis əməkdaşları ən ağır yükü daşıyan dövlət qurumlarından biri idi.
Onlar gecə-gündüz küçələrdə xidmət apararaq karantin qaydalarına nəzarət etdilər, insanların sağlamlığının qorunmasına xidmət edən tədbirlərin icrasını təmin etdilər, yaşlılara, aztəminatlı ailələrə və sosial həssas qruplara yardım göstərilməsində fəal iştirak etdilər.

Tarix göstərir ki, güclü dövlət yalnız güclü iqtisadiyyat və ordu ilə deyil, həm də peşəkar hüquq-mühafizə sistemi ilə möhkəmlənir. Azərbaycan polisi bu gün dövlətçiliyimizin keşiyində qətiyyətlə dayanaraq qanunun aliliyini təmin edir, ictimai sabitliyi qoruyur, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi naminə yorulmadan xidmət göstərir.
Azərbaycan polisi dünən olduğu kimi bu gün də dövlətə sədaqətin, xalqa xidmətin, qanunun aliliyinin və vətənpərvərliyin rəmzidir. Məhz buna görə də Azərbaycan Polisi xalqın və dövlətin etibarlı dayağı, sabitliyin və təhlükəsizliyin sarsılmaz qarantı olaraq ölkəmizin inkişafına xidmət etməyə davam edir.









