Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib
Sentyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının Prezidenti Pere Joan Pons Sanpietro ilə görüşüb.
“TV1” xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq gündəliyində duran məsələlər, ATƏT məkanında mövcud təhlükəsizlik çağırışları, regionda vəziyyət, habelə Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT Parlament Assambleyası ilə əməkdaşlığa əhəmiyyət verdiyini, parlamentlərarası dialoqun ATƏT məkanında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın təşviqində mühüm rol oynadığını qeyd edib. Bu çərçivədə Azərbaycan Milli Məclisinin ATƏT PA çərçivəsində fəaliyyəti, qarşılıqlı səfərlər və müxtəlif səviyyələrdə keçirilən görüşlərin əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.
Nazir Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişlər və sülh gündəliyinin irəli aparılması ilə bağlı Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.
Digər məsələlərlə yanaşı, postmünaqişə dövründə bölgədə mövcud olan humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov mina təhdidinin hələ də Azərbaycan üçün ciddi təhlükə olaraq qaldığını bildirib. Mina partlayışlarının insan həyatı üçün yaratdığı təhlükə ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına və regional inkişaf prosesinə mane olduğu qeyd edilib.
Nazir, həmçinin itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin müəyyənləşdirilməsinin mühüm humanitar məsələ olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanın regional və daha geniş beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi barədə də fikir mübadiləsi aparılıb. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələr, habelə yaşıl enerji sahəsində təşəbbüslər barədə məlumat verilib.
Azərbaycanın nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə kimi regional bağlantıların inkişafına verdiyi töhfə qeyd olunub. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən Avropa ilə Mərkəzi Asiyanı birləşdirən nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, eləcə də regional kommunikasiyaların açılmasının sülh, sabitlik və iqtisadi inkişaf baxımından əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı, həmçinin Azərbaycanın Orta Asiya ölkələri ilə strateji tərəfdaşlığının inkişaf edən dinamikasına da toxunulub. C5 formatının C6 formatına transformasiyasının əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib.
Görüşdə bundan əlavə, ATƏT məkanında mövcud çağırışlar və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.








