media-1200x100

Azərbaycanda Milli Mətbuat Günüdür

media-ads_728_90

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.

“TV1” xəbər verir ki, Azərbaycanın milli mətbuatı müxtəlif dövrləri əhatə edən böyük bir keçib.

Müasir dövrdə mediamızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirir, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirirdi. 1998-ci ildə senzuranın ləğv edilməsi mətbuatın qarşısında yaşıl işıq yandırdı.

Ulu Öndər mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub, çoxsaylı qəzet və jurnallar nəşr olunur, televiziyalar fəaliyyət göstərir, onlayn media şəbəkəsi ildən-ilə genişlənir. Müasir texnologiyalarının tətbiqi sayəsində milli mətbuatımız qlobal informasiya məkanına inamla daxil olur.

Vətən müharibəsi zamanı Azərbaycan mətbuatı kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynayıb. Jurnalistlərimiz Qarabağla bağlı tarixi həqiqətləri, o cümlədən işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini bu gün də yorulmadan davam etdirirlər.

Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını böyük peşəkarlıqla həyata keçirən mətbuatımızın, postmüharibə dövründə də bu işi əzmlə davam etdirməkdədir. Azərbaycan mediası dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sülh təşəbbüslərinin, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən möhtəşəm bərpa-quruculuq işləri barədə xəbərlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır, Böyük Qayıdış prosesini geniş işıqlandırır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması media məkanında islahatların dərinləşdirilməsinə imkan yaratmaqla, milli mətbuatımıza yeni ruh və nəfəs gətirib.

Artıq iki ildir ki, Milli Mətbuat Günü ərəfəsində Şuşa Qlobal Media Forumu təşkil edilir. Forum dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır. Şuşa Qlobal Media Forumuna dünya media orqanlarının artan marağı dövlətimizin media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlərin nəticəsidir.

Builki Milli Mətbuat Gününü ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş bütöv Azərbaycanda qeyd olunur. Azərbaycan mediası Şuşadan, Xankəndidən, Xocalıdan, Füzulidən, Zəngilanda, Laçından və işğaldan azad edilmiş digər ərazilərimizdən xəbərlər, reportajlar hazırlayır, Qarabağın bərpasına informasiya dəstəyi göstərir. Dövlətçilik maraqlarını daim uca tutan jurnalist kollektivləri insanlarda yüksək milli şüur formalaşdırılması, cəmiyyətin ali məqsədlər uğrunda səfərbər edilməsi işinə dəyərli töhfələr verirlər.

Peşə bayramları münasibətilə həmkarlarımızı təbrik edir, yeni uğurlar arzulayırıq.

media-ads_728_90
Paylaş