Azərbaycanın 17 cüdoçusu Qran-Pri turnirində iştirak edəcək
Bu il ilk dəfə cüdo üzrə gənclər arasında Qran-Pri turniri keçiriləcək.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, Dünya Cüdo Turuna daxil edilən yarış oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq.
Ölkəmiz turnirdə 17 cüdoçu (10 oğlan, 7 qız) ilə təmsil olunacaq. Oğlanlarda Anar Quliyev, Məhəmməd Rüstəmli (hər ikisi 60 kiloqram), Əhməd Rüstəmov (66 kiloqram), Səlim Sultanov, Özqan Quliyev (hər ikisi 73 kiloqram), Məhəmməd Ağakişiyev (81 kiloqram), Əli Qazıməmmədov (90 kiloqram), Davud Namazlı, Canpolad Əliyev (hər ikisi 100 kiloqram), Ramazan Əhmədov (+100 kiloqram), qızlarda Nərgiz Əhmədova (48 kiloqram), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kiloqram), Xədicə Qədəşova, Vüsalə Hacıyeva (hər ikisi 57 kiloqram), Hanna Zaytseva, Nilgün Rzayeva (hər ikisi 63 kiloqram) qüvvəsini sınayacaq.
İdmançılarımız tatamiyə gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.
Gənclər arasında Qran-Pri turnirində 19 ölkədən 234 cüdoçu (147 oğlan, 87 qız) mübarizə aparacaq.








