Əli Əsədov İrana getdi - Pezeşkianın andiçməsinə qatılacaq - FOTO
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib.
“TV1” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Əli Əsədov İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edəcək.
Qeyd edək ki, bu gün İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə 16:00-da İslami Şura Məclisində baş tutacaq. Tədbirdə 70-dən artıq xarici nümayəndənin, 600 nəfər yerli və əcnəbi jurnalistin iştirakı gözlənilir.
Xatırladaq ki, İranda 5 iyulda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian təxminən 16,4 milyon səslə qalib gəlib. Onun rəqibi “Mühafizəkarlar” düşərgəsinin nümayəndəsi Səid Cəlili isə 13,5 milyon səs toplayıb.
Əlavə edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.