Azəri-Çıraq-Günəşlidən ümumi hasilat 600 milyon tona çatıb
Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının operatoru kimi bp AÇG layihəsindəki tərəfdaşları – “SOCAR”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “TPAO”, “ITOCHU” və “ONGC Videsh” – adından qürurla bəyan edir ki, yataqdan 600 milyonuncu ton neft hasil edilib.
“TV1” xəbər verir ki, bu barədə bp-nin məlumatında bildirilibr.
Məlumatda qeyd olunur ki, ümumilikdə hasil edilmiş 600 milyon ton neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib.
Qeyd edək ki, AÇG üzrə HPBS ilkin olaraq 20 sentyabr 1994-cü il tarixində imzalanıb. O vaxtdan bəri AÇG yatağının işlənməsinə təxminən 45 milyard dollar investisiya qoyulub. 14 sentyabr 2017-ci il tarixində AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş HPBS imzalanıb və bununla HPBS-nin müddəti 2049-cu ilə qədər uzadılıb. İlk neft Çıraq yatağından 7 noyabr 1997-ci il tarixində əldə edilib. Bu günə qədər AÇG yatağından təxminən 4,4 milyard barel neft hasil edilib. Gələcəkdə yeni texnologiyalara və qurğulara davamlı iri sərmayələr və layların neftvermə əmsalının maksimuma çatdırılması istiqamətində digər səylər nəticəsində, bu dünya səviyyəli yataqdan hasilatın gələcək onilliklər ərzində də davam etməsi gözlənilir. Bu vaxta qədər AÇG yatağından Azərbaycan dövlətinə ümumilikdə 57 milyard kubmetrdən çox səmt qazı təhvil verilib.
Hazırda AÇG-də 9 platforma – 7 hasilat platforması və 2 emal, qaz kompressiyası, suvurma və texnoloji platforma var. Bu platformalardan neft və səmt qazı Bakı yaxınlığında yerləşən, dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur. AÇG-də ən son işə salınmış hasilat platforması ACE platformasıdır. ACE texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platforma olaraq 2024-cü ilin aprel ayında hasilata başlayıb. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. ACE hazırda üç quyudan gündə təxminən 26,000 barel neft hasil edir.
2024-cü ilin sentyabr ayında AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavənin imzalandığını elan etdik. Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.