Bakı Beynəlxalq Təhsil Kompleksində süni intellekt və kibertəhlükəsizlik mövzusunda görüş təşkil olunub

media-ads_728_90

Bakı Beynəlxalq Təhsil Kompleksində (BBTK) AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevlə görüş keçirilib.

“TV1” xəbər verir ki, məktəbin müəllim heyəti və şagirdlərinin iştirakı ilə keçirilən görüşdə əvvəlcə BBTK-nin direktoru Sevda Quliyeva çıxış edərək müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT), internetin və süni intellektin sürətli inkişafının cəmiyyətin bütün sahələrinə, o cümlədən təhsil sisteminə ciddi təsir göstərdiyini vurğulayıb. O, bu istiqamətlərdə baş verən yeniliklərin gənc nəslin bilik və bacarıqlarının artırılması, müasir texnologiyaların imkanlarından səmərəli istifadə baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

Sevda Quliyeva görüşün şagirdlər üçün əhəmiyyətli və yaddaqalan bir təcrübə olacağına, onların elmə və müasir texnologiyalara marağının artırılmasına töhfə verəcəyinə inamını ifadə edib.

Akademik Rasim Əliquliyev çıxış edərək İnformasiya Texnologiyaları İnstitutunun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, son dövrün sənaye inqilabları kontekstində süni intellekt, kibertəhlükəsizlik, kibersuverenlik, böyük verilənlər, kvant informasiya texnologiyaları və digər aktual elmi-texnoloji istiqamətlər, eləcə də bu sahələrdə müşahidə olunan tendensiyalar barədə fikirlərini bölüşüb. Əmək bazarının xarakterinin tədricən dəyişməsi nəticəsində yeni peşələrin meydana çıxdığını, proqram mühəndisliyi, kompüter mühəndisliyi, data elmləri, kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı kadrlara tələbatın daha da artdığını diqqətə çatdıran akademik şagirdləri dərslərinə məsuliyyətlə yanaşmağa, riyazi biliklərini və məntiqi təfəkkürlərini inkişaf etdirməyə, bilik və bacarıqlarını davamlı şəkildə artırmağa çağırıb.

Rasim Əliquliyev çıxışı zamanı uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması məsələsinə də toxunub. Qeyd edib ki, internetdən nəzarətsiz istifadə uşaqların mənəvi-psixoloji inkişafına və sağlamlığına mənfi təsir göstərə, onların müxtəlif kibertəhdidlər və kibercinayətkarlıq halları ilə üzləşmə riskini artıra bilər: “Bu sahədə mövcud problemlərin həlli və uşaqların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi ilə yanaşı, valideynlərin, təhsil müəssisələrinin, cəmiyyətin və aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti son dərəcə vacibdir”.

AMEA-nın vitse-prezidenti gənc nəslin elmə və innovasiyalara marağının artırılmasının, intellektual potensialının inkişaf etdirilməsinin mühüm vəzifələrdən biri olduğunu vurğulayaraq, institutun BBTK-nin müəllim və şagirdlərinin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək göstərməyə hər zaman hazır olduğunu diqqətə çatdırıb.

Daha sonra görüş interaktiv dialoq formatında davam edib. Akademik Rasim Əliquliyev müəllim və şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

media-ads_728_90
Paylaş