Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
Bakı və Sumqayıt şəhərlərində dövlət tibb müəssisələri vaksinlərlə təmin olunub və artıq peyvəndlənməyə başlanılıb.
“TV1” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən cari ildə də ölkəyə mövsümi qripə qarşı vaksinlər gətirilib. Regionlarda isə vaksinlərin tibb müəssisələrinə çatdırılması mərhələli şəkildə davam edir.
Qeyd edək ki, bu il Niderland istehsalı olan “Influvac Tetra” dördlü qrip vaksini istifadə olunur. Peyvənd qripə yoluxma riskini, xəstəliyin ağır keçməsi və hospitalizasiya ehtimalını azaltmağa kömək edir.
Peyvəndlənmə xüsusilə risk qrupunda olanlara – 6 aydan yuxarı uşaqlara, 65 yaşdan yuxarı şəxslərə, xroniki xəstəliyi və immun sistemi zəifliyi olanlara, hamilə qadınlara və tibb işçilərinə tövsiyə edilir.
Qripə qarşı vaksinasiya könüllüdür. Peyvənd olunmaq istəyənlər ərazi üzrə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.








