Böyük Qayıdış davam edir: Ağdamdan Xocalı və Ağdərəyə növbəti köç yola salınıb - FOTO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Oktyabrın 22-də respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı və Ağdərə rayonlarına yola salınıb.
“TV1” xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərənin Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülür.
Qeyd edək ki, işğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə digər şəhər və rayonlarda olduğu kimi, Xocalı və Ağdərədə də genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinə başlanılıb, qısa müddətdə müasir mühəndis-kommunikasiya şəbəkələri, dayanıqlı yol-nəqliyyat infrastrukturu qurulub və zəruri sosial obyektlər istifadəyə verilib. “Böyük Qayıdış” proqramı çərçivəsində hər iki rayonda fərdi evlər və çoxmənzilli binalar ən yüksək şəhərsalma standartlarına uyğun əsaslı təmir edilib və inşa olunub. Sakinlərin rahatlığı üçün məktəblər, bağçalar, tibb məntəqələri və yeni iş yerləri yaradılaraq keçmiş məcburi köçkünlərin onilliklərdən sonra doğma ocaqlarında təhlükəsiz, firavan və müasir tələblərə cavab verən şəraitdə yaşamaları tam təmin edilib.
Keçmiş məcburi köçkünlər uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Onlar doğma yurdlarında yenidən qayıtmaqla ən böyük arzularının reallaşmasınını bildirib, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı və Ağdərə sakinləri həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.








