Böyük Qayıdış proqramı 700 min məcburi köçkünün qayıdışını təmin etməyi hədəfləyir
Böyük Qayıdış proqramı genişmiqyaslı tədbirləri əhatə edir və təxminən 700 min məcburi köçkünün öz doğma yurdlarına təhlükəsiz, mərhələli və dayanıqlı şəkildə qayıdışını təmin etməyi hədəfləyir.
“TV1” xəbər verir ki, bunu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-WUF13 çərçivəsində keçirilən “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və davamlı idarəetmə çərçivəsi” adlı forumda bildirib.
O bildirib ki, proqramın hazırlanması zamanı beynəlxalq təcrübə, müasir çağırışlar və azad edilmiş ərazilərin potensialı nəzərə alınıb: “Eyni zamanda, BMT və digər beynəlxalq təşkilatların qlobal inkişaf prioritetləri ilə uyğunluq təmin olunub, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanaraq “hamı üçün bərabər imkanlar”, “inklüziv yanaşma” və “heç kimin geridə qalmaması” prinsipləri rəhbər tutulub. Bu gün Azərbaycan Qarabağ və ətraf ərazilərin bərpası, yenidən qurulması və məcburi köçkünlərin mərhələli qayıdışını təmin etmək kimi mühüm bir missiyanı həyata keçirir. Bu prosesdə “ağıllı kəndlər” və “ağıllı şəhərlər”, “yaşıl iqtisadiyyat” və müasir şəhərsalma yanaşmaları xüsusi yer tutur. Məskunlaşma planlaşdırılması müasir memarlıq və urbanistika prinsiplərinə uyğun şəkildə aparılır”.
Fuad Hüseynov qeyd edib ki, artıq 12 rayon və 11 şəhər daxil olmaqla 9 yaşayış məntəqəsi üzrə yeni məskunlaşma planları təsdiqlənib: “Bu, dünya urbanistika və memarlıq təcrübəsində çox nadir və unikal nümunələrdən biridir. Bundan əlavə, minalanmış ərazilərin xəritələrinin tam şəkildə təqdim olunmaması səbəbindən mülki əhali üçün ciddi təhlükə qalmaqdadır. 2020–2024-cü illər ərzində mina partlayışları nəticəsində 420-dən çox insan həlak olub və ya ağır yaralanıb. Onların arasında doğma yurdlarına qayıtmaq istəyən keçmiş məcburi köçkünlər də var. Bütün bu çətinliklərə, mina təhlükəsi və genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan dövləti bu prosesi qətiyyətlə davam etdirir”. /apa.az/








