Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

media-ads_728_90

Bu ilin yanvar-sentyabr ayları üzrə respublikada 19,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azdır.

“TV1” xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu “Abşeron” yatağının payına düşüb.

SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,1 milyon ton təşkil edib.

Bu dövrdə 15,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,9 faiz azdır. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın payına düşüb.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (446 min barel), kondensat hasilatı 12 min ton (101 min barel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (547 min barel) olub.

Hesabat dövründə neftin emalı 2,2 faiz azalaraq 4,5 milyon ton təşkil edib.

media-ads_728_90
Paylaş