Ekspres marşrut xətlərində gündəlik 95 nəqliyyat vasitəsilə 68 minədək sərnişin daşınır - AÇIQLAMA

media-ads_728_90

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 6 ekspres marşrutu təşkil edilib və vətəndaşlarının ixtiyarına verilib. Sərnişinlər yeni ekspres marşrutlardan istifadə edirlər. Avtobusların iş qrafiki metro ilə sinxronlaşdırılıb və marşrutlar saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“M1 – Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında

M2 – Metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında

M3 – Metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları arasında

M4 – Metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları arasında

M5 – Metronun “20 Yanvar” və “Gənclik” stansiyaları arasında

M6 – Metronun “Elmlər Akademiyası”, “Nizami”, “Gənclik” və “Koroğlu” stansiyaları arasında fəaliyyət göstərir.

Şaxələndirilmiş şəbəkə sayəsində sərnişinlərə tələbata uyğun olaraq alternativlər təqdim edilir. Vətəndaşlara səfərlərini planlayan zaman ekspres marşrutların imkanlarını düzgün qiymətləndirməyi və istiqamətlərini nəzərə almağı tövsiyə edirik”, – deyə məlumatda qeyd olunub.

Bildirilir ki, sərnişinlər marşrutlar barədə məlumatı “AYNA MaaS” tətbiqi vasitəsilə də əldə edə bilərlər. 28 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb. Bununla da avtobuslararası interval azalıb və əlçatanlıq artıb. Ümumilikdə gücləndirmə aparılmış 34 marşrut xəttinə (28 müntəzəm + 6 ekspres) 140-dan çox əlavə avtobus cəlb olunub. Təkcə ekspres marşrut xətlərində gündəlik olaraq 95 nəqliyyat vasitəsilə 68 minədək sərnişin daşınır. Dəstəkləyici tədbirlər çərçivəsində xətlərə əlavə edilən avtobuslarla gün ərzində 475 min sərnişinə xidmət göstərilir. Monitorinq Mərkəzi vasitəsilə avtobusların hərəkətinə real vaxt rejimində nəzarət olunur. Eyni zamanda, sərnişin axını təhlil edilir, tələbat nəzərə alınaraq operativ şəkildə avtobusların sayı tənzimlənir, daşıyıcılar tərəfindən xəttə əlavə avtobuslar buraxılır. 4 metro stansiyasının qarşısında vətəndaşlara dəstək məqsədilə nəqliyyat könüllüləri də cəlb olunub.

media-ads_728_90
Paylaş