Ermənistan azan çobanı Azərbaycana qaytarır
“Ermənistan yolu azaraq ərazimizə keçən Azərbaycan vətəndaşını Bakıya qaytaracaq”.
“TV1” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
“Dünyada insanın keçə bilməyəcəyi sərhəd, təmas xətti, cəbhə xətti yoxdur. İnsan sərhədi keçib, hərbçilər onu saxlayıb, Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onu Respublika meydanında saxlamayıblar. İnsan sərhədi keçib, biz onu ölkəsinə qaytarmalıyıq”, – Paşinyan deyib.
Xatırladaq ki, daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı çobanın yolu azaraq Tavuş vilayətinin ərazisinə keçməsi barədə yayılan məlumatları təsdiq edib. Onun Tovuz rayonunun Çatax kəndinin sakini, 1968-ci il təvəllüdlü Qasımov Yaşar Əli oğlu olduğu və oktyabrın 19-da saat 17:50 radələrində Tavuş vilayətində aşkar edildiyi bildirilib.








