Fransada həftə sonu etirazlar zamanı 1,4 min nəfər həbs edilib
Fransada həftə sonu baş verən kütləvi etirazlar zamanı hüquq-mühafizə orqanları 1 435 nəfəri saxlayıb.
“TV1” xəbər verir ki, bu barədə Fransa mediası ölkənin daxili işlər naziri Loran Nunyesin bəyanatına istinadən məlumat yayıb.
100-dən çox adam bıçaq, metal kürələr, pirotexnika və s. kimi əşyaları saxladığına görə tutulub.
O, həmçinin bildirib ki, 267 polis və jandarm əməkdaşı yaralanıb, etirazçılar arasında isə 150 nəfər xəsarət alıb.
Nunyes qeyd edib ki, davam edən etirazlar fonunda yaxın vaxtlarda ölkənin müxtəlif şəhərlərində komendant saatı qüvvədə qalacaq.
Hakimiyyətin məlumatına görə, yaşayış xərclərinin artmasına qarşı etirazlarda 400 mindən çox adam iştirak edib. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz, səs qumbaraları və su toplarından istifadə edib.








