Fransanın bir sıra şəhərlərində komendant saatı tətbiq olunur
Fransa hökuməti 17 oktyabr aksiyaları zamanı baş verən zorakılıqların təkrarlanmaması üçün bir sıra şəhərlərdə gecə komendant saatını qüvvədə saxlayıb.
“TV1” xəbər verir ki, Fransanın Baş naziri Sebastyan Lökornü oktyabrın 24-də keçiriləcək növbəti aksiya günü üçün genişmiqyaslı təhlükəsizlik tədbirləri görüləcəyini vəd edib.
Ölkənin daxili işlər naziri Loran Nünez də bildirib ki, təhlükəsizlik qüvvələrinin sayı, yerləşdirilməsi, çevikliyi və hadisələrə reaksiya imkanları yenidən nəzərdən keçiriləcək. Məqsəd asayiş keşikçilərini dağıtmağa çalışan qrupların fəaliyyətinə daha operativ müdaxilə etməkdir.
Fransa Universitetləri təşkilatının vitse-prezidenti, Lotaringiya Universitetinin rektoru Helen Bulanje bildirib ki, tələbə hərəkatı ölkədəki universitetlərin təxminən 90 faizinə təsir göstərib. Bəzi ali təhsil müəssisələrində girişlər bağlanıb, digərləri isə administrasiyanın qərarı ilə qabaqlayıcı tədbir olaraq fəaliyyətini dayandırıb.
Marseldə şəhər mərkəzinin bir hissəsində və bir neçə ticarət zonasında yetkinlik yaşına çatmayanların saat 22:00-dan sonra küçələrdə hərəkəti qadağan edilib. Paris və Lionda da komendant saatı qüvvədə qalır. Tuluzada isə Kapitol meydanı ətrafında və şəhər mərkəzinin ticarət küçələrində cümə axşamından bazar gününədək gecə məhdudiyyətləri tətbiq olunacaq.








