Gələn il Azərbaycanda 5 GES-in istismara verilməsi nəzərdə tutulur
2027-ci ildə ümumi gücü 680 meqavat olan 5 Günəş elektrik stansiyasının (GES) istismara verilməsi nəzərdə tutulur.
“TV1” xəbər verir ki, bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev deyib.
O bildirib ki, istismara verilməsi nəzər tutulan stansiyalar bunlardır.
“Masdar” şirkəti tərəfindən 315 meqavat gücündə “Neftçala” Günəş Elektrik Stansiyası (2027-ci ilin sonunadək şəbəkəyə qoşulması nəzərdə tutulur), Cəbrayıl rayonunda 240 meqavat gücündə “Şəfəq”, 50 meqavat gücündə “Şəms” və 50 meqavat gücündə “Üfüq” Günəş elektrik stansiyaları, Naxçıvan Muxtar Respublikasında “Enerso” MMC tərəfindən 25 meqavat gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası. Bununla da 2027-ci ildə ölkənin elektrik enerjisi istehsal gücü əlavə olaraq 680 meqavat artacaq”,- deyə o diqqətə çatdırıb.
C.Abdullayev əlavə edib ki, 445 meqavat gücündə Biləsuvar GES-in və Naxçıvan Muxtar Respublikasında 25 meqavat gücündə “Şəms 1” GES-in 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.
Direktor “ROX Group” ilə 600 meqavat gücündə külək və 200 meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi üzrə imzalanmış Anlaşma Memorandumunun hazırkı vəziyyəti barədə danışıb: “Hazırda layihələrin həyata keçirilməsi üçün müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi və bərpaolunan enerji mənbələri elan edilməsi üzrə zəruri tədbirlərin görülməsi istiqamətində işlər aparılır. Torpaq sahələri müəyyənləşdirildikdən və müvafiq hazırlıq işləri tamamlandıqdan sonra layihələr üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması, eləcə də tikintiyə başlanılması və layihələrin istismara verilməsi üçün ilkin vaxt qrafikinin müəyyən edilməsi mümkün olacaq”.








