İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına yekun vurulub
Milli Məclisin ev sahibliyi ilə keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası iyunun 25-də öz işini davam etdirib.
“TV1” xəbər verir ki, sessiyaya Milli Məclis sədrinin müavini, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov moderatorluq edib.
Tədbirdə sessiyanın gündəliyindəki məsələlərə baxılıb, bir sıra təşkilati məsələlər müzakirə olunub, təşkilatın strukturlarının hesabatları, qətnamə layihələri təsdiqlənib və digər məsələlər nəzərdən keçirilib.
Müzakirələrdə nümayəndə heyətlərinin təmsilçiləri çıxış edərək gündəlikdəki məsələlərə dair fikirlərini və qeydlərini səsləndiriblər.
Sonra İƏT Parlament İttifaqında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının yekun sənədi – Bakı Bəyannaməsinin layihəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Geniş müzakirələrdən sonra İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının Bakı Bəyannaməsi qəbul olunub.
İƏT Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass konfrans iştirakçılarına göstərilən qonaqpərvərliyə, səmimi münasibətə və yüksək ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını çatdırıb.
Tədbirə yekun vuran Milli Məclis sədrinin müavini, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov vurğulayıb ki, konfrans çərçivəsində aparılan müzakirələr və qəbul olunan qərarlar üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək. O, tədbirin işində fəal iştiraklarına, irəli sürdükləri təşəbbüslərə və səmərəli müzakirələrə görə üzv ölkələrin nümayəndə heyətlərinə təşəkkürünü bildirib.
Tədbirin sonunda “Qurani-Kərim”dən ayələr qiraət olunub.
Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası öz işini uğurla başa vurub.








