İndoneziyada kütləvi etirazlar: Narazı əhali küçələrə axışdı
İndoneziyanın bir sıra şəhərlərində tələbələrin və ictimai fəalların iştirakı ilə kütləvi etiraz aksiyaları keçirilib.
“TV1” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Oktyabrın 20-də Cakarta, Cokyakarta, Bandunq, Makasar və digər şəhərlərdə baş tutan nümayişlər ölkə prezidenti Prabovo Subiantonun vəzifəyə başlamasının ikinci ildönümünə təsadüf edib. Etirazçıların əsas tələblərindən biri genişmiqyaslı meşə və torpaq yanğınlarının milli fəlakət kimi tanınması olub.
Aksiya iştirakçıları yanğınların səbəblərini araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə və zərərçəkmiş əraziləri bərpa etməyə çağırıblar. Bundan əlavə, tələbələr qiymət artımından, hökumətin iqtisadi siyasətindən və təhsil sisteminin mövcud vəziyyətindən narazılıqlarını ifadə ediblər.
Cakartada nümayişçilər, həmçinin korrupsiyaya qarşı mübarizəni gücləndirməyi və ifadə azadlığının təminatını tələb ediblər. Etirazlar fonunda hakimiyyət orqanları İndoneziya paytaxtında asayişi qorumaq məqsədilə 9 mindən çox polis əməkdaşını səfərbər edib.








