İspaniyada qeyri-qanuni miqrantlarla bağlı qaydalar sərtləşdirilir
İspaniya qeyri-qanuni miqrantların ölkədən qaytarılması və sığınacaq prosedurlarının sürətləndirilməsi istiqamətində yeni tədbirlər görür.
“TV1” xəbər verir ki, hökumət qanunvericiliyi Avropa İttifaqının daha sərt miqrasiya qaydalarına uyğunlaşdırmaq məqsədilə islahatlara başlayıb.
Bu addımlar iyulun sonunda İspaniyanın Şimali Afrikadakı Seuta eksklavına 80 minə yaxın qeyri-qanuni miqrantın daxil olmasından sonra yaranan ciddi miqrasiya böhranının fonunda atılıb. Hazırda ərazidə 10 mindən çox miqrantın qaldığı bildirilir.
Yeni qanunvericilik ilkin qeydiyyat və yoxlama prosedurunun bütün icazəsiz gələnlər və sığınacaq müraciətçiləri üçün məcburi olmasını nəzərdə tutur. Bu proses maksimum 72 saat ərzində başa çatdırılmalıdır.
Sığınacaq müraciətlərinin isə əvvəlki kimi 2-3 il deyil, 12 həftə ərzində yekunlaşdırılması planlaşdırılır. Müraciət rədd edilərsə, məhkəməyə şikayət verilmədiyi halda deportasiya proseduru dərhal başlayacaq.
İspaniya hökuməti yeni tədbirlərin insan hüquqlarının qorunması ilə yanaşı, miqrasiya sistemindən sui-istifadənin qarşısını almağa xidmət edəcəyini bildirir.








