İsveç səfiri Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırılıb

media-ads_728_90

Sentyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçin Azərbaycanda yeni təyin olunmuş səfiri Luis Morsinqlə görüşüb.

“TV1” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və İsveç arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, humanitar və təhsil sahələrində əməkdaşlığın perspektivləri, habelə regional məsələlər müzakirə olunub.

İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsinin ikitərəfli gündəliyin daha da inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb. Bu xüsusda qarşılıqlı səfərlərin və yüksəksəviyyəli təmasların davam etdirilməsinin vacibliyi qeyd edilib.

Regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş Azərbaycanın səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, eləcə də regionda yeni əməkdaşlıq imkanları barədə qarşı tərəfə məlumat verib.

Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, regional bağlantılar, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər müzakirə olunub.

Səfir Luis Morsinq Azərbaycan ilə İsveç arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

media-ads_728_90
Paylaş