İyulun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına başlanılacaq
2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi iyunun 3–dən 10-dək olan günləri əhatə edib. Bu müddət ərzində 46 min 505 müraciət daxil olub, 40 min 574 namizəd ərizəsini təsdiqləyib və 38 min 651 namizədin ərizəsi qəbul edilib.
“TV1” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, bunu İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli söyləyib.
Agentliyin rəsmisi qeyd edib ki, qanunvericiliyə uyğun olaraq 9857 namizəd iştirak haqqının ödənilməsindən azad edilib, 28 min 794 namizəd üçün isə iyulun 6-9-da sistemi aktiv olub. Ödəniş prosesi bu gün saat 15:00-da yekunlaşacaq.
Bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən müəllimlərin işə qəbulu müsabiqəsi ödənişli əsaslarla təşkil edilir. Bununla yanaşı, ilk dəfə iştirak edən namizədlər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azad olunublar. Bu məlumatlar aidiyyəti dövlət informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılıb.
Namizədlərin ödəniş prosesini rahat həyata keçirmələri üçün videotəlimat hazırlanaraq rəsmi sosial media hesablarımızda paylaşılıb, eyni zamanda, proses boyunca zəruri texniki və informasiya dəstəyi göstərilib.
Hazırkı statistikaya əsasən, ödəniş etməli olan namizədlərdən 21 min 50 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib.
“Artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. İyulun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək”, – deyə Nurlan İsmayılbəyli bildirib.








