Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub
Oktyabrın 14-də ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.
“TV1” xəbər verir ki, bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
bildirilib ki, Kamboca Krallığının Baş naziri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Daha sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar. Kamboca Krallığının Baş naziri Hun Manet buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında görüş keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu səfər Kamboca və Azərbaycan arasındakı yüksəksəviyyəli münasibətlərin bariz göstəricisidir. O qeyd edib ki, bu səfər zamanı qonağın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (AQEM) Zirvə Görüşündə iştirakı Kambocanın dialoqa, bütün regionda sülhün və təhlükəsizliyin təşviqinə sadiq olduğunu nümayiş etdirir.
Söhbət zamanı ali səviyyəli görüşlərin qarşılıqlı münasibətlərin inkişafında mühüm rolu diqqətə çatdırılaraq, bu baxımdan qonağın iki gün əvvəl Prezident İlham Əliyevlə görüşünün, aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyətindən danışılıb.
Görüşdə Azərbaycan və Kambocanın BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyindən və tərəflər arasında mövcud səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivlərindən danışılıb və qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələrimizin əlaqələrinin inkişafında mühüm rolu qeyd edilib. Diqqətə çatdırılıb ki, parlamentlərimiz Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi mühüm parlament platformalarında yaxından əməkdaşlıq edirlər.
Görüşdə, həmçinin iki ölkə arasında siyasi əlaqələrə də toxunularaq, diqqətə çatdırılıb ki, Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında sıx əməkdaşlıq mövcuddur.
Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Kamboca Krallığının Baş naziri Hun Manet iki gün əvvəl Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. O, bu görüş zamanı iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı üçün məhsuldar fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb.
Baş nazir ölkəmizə bu səfəri çərçivəsində keçirdiyi digər görüşləri barədə də məlumat verib, iqtisadiyyat, təhsil, müdafiə sənayesi, ticarət, turizm, xalqlar arasında təmasların artırılması məsələləri barədə faydalı müzakirələr aparıldığını qeyd edib.
Qonaq humanitar sahədə əlaqələrin də əhəmiyyətini vurğulayaraq, sovet dövründə Azərbaycanın ali təhsil ocaqlarından yüzlərlə kambocalı gəncin məzun olduğunu və bu təcrübənin indi də davam etdirildiyini məmnunluqla qeyd edib.
Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Kamboca arasında mövcud olan müsbət siyasi dialoqun bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığı bildirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.








