Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub - Vəziyyəti orta ağırdır
Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-ü saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunub.
“TV1” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatında bildirilir.
Qeyd edək ki, yaralının sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Xatırladaq ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində avqustun 13-də mina partlayışı baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, Tərtər rayonunun Qaynaq kənd sakini 1953-cü il təvəllüdlü Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb. Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, – deyə məlumatda qeyd olunub.








