Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib

media-ads_728_90

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası haqqında Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciət edib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb.

​”Azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunmuş, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb.

Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb.

​Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun, müvafiq qaydada tədbirlər görüləcək”, – məlumatda deyilir.

media-ads_728_90
Paylaş