Moskvaya rekord sayda dronla hücum - 5000-dən çox insan işıqsız qalıb/VİDEO
Moskva son 2 ilin ən böyük dron hücumuna məruz qalıb.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin məlumat yayıb.
Mer avqustun 17-si axşam saatlarından avqustun 18-i səhər saatlarınadək Moskva istiqamətində uçan 620 pilotsuz uçuş aparatının (PUA) qeydə alındığını, onlardan 180-nin vilayət ərazisində vurulduğunu açıqlayıb.
Moskva vilayətində dron hücumu nəticəsində 10 yaşlı uşaq da daxil olmaqla, 3 nəfərin xəsarət aldığı bildirilir. Bundan başqa, vilayətin Boqorodsk dairəsində yerləşən “Wildberries” anbarında yanğın baş verib.
Rusiyanın Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə regionun yeddi rayonunda 80-dən çox dronun məhv edildiyini açıqlayıb.
Hücumlar Moskva yaxınlığında “Likino-Dulevo” və “Orexovo-Zuevo” elektrik şəbəkələrində enerjinin kəsilməsinə, 5000-dən çox insanın və 46 sosial qurumun işıqsız qalmasına səbəb olub.








