Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin NƏTİCƏLƏRİ

media-ads_728_90

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb.

“TV1” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, nəticələr barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsahibə mərhələsində uğur qazanan namizədlər sentyabrın 10-u saat 18:00-dək tələb olunan sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlərə şəxsiyyəti təsdiq edən sənədin surəti, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3×4 santimetr ölçüdə 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi və şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış daxildir.

İşə qəbul yalnız çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlər üzrə rəsmiləşdiriləcək. Namizədlərə sənədləri təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiqlənməsini yoxlamaq tövsiyə olunur.

Çıxarışını təsdiq etdirməyən, eləcə də müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin edilməyəcək.

Müsahibə mərhələsində uğur qazana bilməyən namizədlər sentyabrın 7-si saat 11:00-dan sentyabrın 8-i saat 11:00-dək şəxsi səhifələri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Apellyasiya müraciətləri yalnız elektron formada qəbul olunacaq.

Qeyd edək ki, müsahibələrin onlayn formatda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanını müvafiq xanaya qeyd etməli və iştiraklarını təsdiqləməlidirlər.

Elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciətləri təmin edilməyəcək.

media-ads_728_90
Paylaş