Nepalda yeni daşqın təhlükəsi yaranıb
Nepalın Çhoçen Xola və Purepu Tsanqpo çaylarının qovuşduğu yerdəki yarımsüni gölün bəndi dağılıb.
“TV1” xəbər verir ki, bəndin dağılması Bhotekoşi çayına daha bir iri su axını ilə bağlı narahatlıq yaradıb.
Qeyd edək ki, bir gün əvvəl Çinin Su Ehtiyatları Nazirliyi sözügedən gölün bəndinin 72 saat ərzində dağıla biləcəyi barədə təcili xəbərdarlıq edib. Bhotekoşi çayında suyun səviyyəsinin qalxdığı bildirilir. Hökumət gölün dağılmasının potensial təsirini qiymətləndirmək üçün Rasuvadakı Bhotekoşi və ətraf ərazilər üzərində helikopterlər ilə hava kəşfiyyatı aparmağa qərar verib.
Çinli hidroqeoloqlar gölün suyunun həcminin 2 milyon kubmetrə çatdığını, növbəti 3 gün ərzində isə gölə daha 3 milyon kubmetr su toplaşacağını proqnozlaşdırırlar.








