Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır
“26 sentyabr tarixində Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır”.
“TV1” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, 22 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. /trend/