Oleq Basilaşvili: Bakıda gördüklərim məni heyrətləndirdi
Rusiyalı tanınmış teatr və kino aktyoru Oleq Basilaşvili Azərbaycana son səfəri zamanı Bakının inkişafı ilə bağlı müsbət fikirlər səsləndirib.
O, paytaxtın müasir infrastruktura malik olduğunu vurğulayaraq bildirib ki, gördükləri onda böyük təəssürat yaradıb.
“Qastrol səfərindən yenicə Azərbaycandan qayıtmışam. Bakı məni heyrətləndirdi. Bakı sanki Las-Veqasdır! Elə bil ikinci Parisdir! Şəhər sürətlə inkişaf edib. Yeraltı piyada keçidlərinin hamısında eskalatorlar quraşdırılıb. İnsanlar, xüsusilə yaşlılar və fiziki məhdudiyyətli şəxslər üçün rahat şərait yaradılıb”, – aktyor qeyd edib.
Oleq Basilaşvili çıxışında, həmçinin, Rusiyada informasiya siyasəti və ictimaiyyətə təqdim olunan məlumatların obyektivliyi ilə bağlı şəxsi fikirlərini də ifadə edib. O bildirib ki, cəmiyyətin düzgün nəticə çıxarması üçün etibarlı və obyektiv informasiyanın əlçatan olması vacibdir.
Aktyor televiziya məkanını da tənqid edərək, mediada yayımlanan məlumatların etibarlılığına şübhə ilə yanaşdığını deyib.
“Baş verən hadisələr barədə həqiqi məlumatın insanlardan gizlədildiyini düşünürəm. Cəmiyyətə yalnız təqdim olunması məqsədəuyğun hesab edilən informasiya çatdırılır. Bu məlumatların nə dərəcədə doğru olduğunu isə müəyyənləşdirmək çətindir”, – o bildirib.
O, mediada yayımlanan informasiyaların obyektivliyinin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, etibarlı məlumatın ictimai inamın formalaşmasında mühüm rol oynadığını bildirib.
O, bu fikrini Mixail Bulqakovnın Master və Marqarita əsərinə istinadla əsaslandırıb:
“Hər gün eyni məlumatlarla qarşılaşırıq və onların nə qədər həqiqətə uyğun olduğunu müəyyən etmək çətindir. Bu vəziyyət cəmiyyətdə inamsızlıq yaradır.”
Basilaşvili hesab edir ki, obyektiv informasiyanın çatışmazlığı insanların hadisələrə düzgün qiymət verməsini çətinləşdirir və nəticədə cəmiyyətdə biganəlik meylləri güclənir.








