Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
“TV1” xəbər verir ki, təbrikdə deyilir:
“Əziz və hörmətli Mehriban xanım!
İcazə verin, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edim və ən səmimi, xoş arzularımı çatdırım.
Qəlbi ən gözəl keyfiyyətlərlə, təkrarolunmaz incəlik və sonsuz xeyirxahlıqla dolu olan Sizin kimi bir insanla yaxın dostluğa və səmimi münasibətlərə son dərəcə dəyər verirəm.
İctimai və dövlət həyatında çoxşaxəli fəaliyyətiniz təkcə Azərbaycanda deyil, bütün dünyada dərin hörmət və rəğbət qazanıb. Nəfis qadın zərifliyini və əyilməz iradəni özündə təcəssüm etdirən nurlu obrazınız Azərbaycan xalqının qürur mənbəyi və zəmanəmizin ləyaqətli, ilhamverici qadınının parlaq nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin bu yaxınlarda Özbəkistana tarixi dövlət səfəri çərçivəsində Sizinlə baş tutan görüşümüz, eləcə də Buxara şəhərində birlikdə keçirdiyimiz xoş və sevincli saatlar qəlbimdə gözəl təsir buraxdı.
Uzun illər ərzində formalaşmış, əsl bacı münasibətlərimizin övladlarımız, indi isə həm də nəvələrimiz arasında davam etməsi məni ürəkdən sevindirir.
Əminəm ki, ortaq dəyərlərə və zəngin mədəni irsə əsaslanan əlaqələrimiz ölkələrimiz və qardaş xalqlarımız arasındakı dostluq tellərini bundan sonra da yeni məzmunla zənginləşdirəcək.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, əmin-amanlıq və firavanlıq arzulayıram. Qoy Sizin nəcib istəkləriniz qardaş Azərbaycan xalqının rifahı naminə daim yüksək nailiyyətlər və uğurlar gətirsin”.








