Polşa Rusiya və Belarusla sərhəd-keçid məntəqələrini bağlayırmı?
Polşa Rusiya və Belarusla bütün sərhəd-keçid məntəqələrini bağlamağa hazırdır.
“TV1” xəbər verir ki, bunu Polşanın baş nazirinin müavini – milli müdafiə naziri Vladislav Kosinyak-Kamış jurnalistlərə açıqlamasında bildirib.
“Zərurət yaranarsa, şərq sərhədindəki bütün sərhəd-keçid məntəqələrini bağlamağa hazırıq. Artıq bunun üçün avadanlıqlarımız var. “Şərq qalxanı” proqramının həyata keçirildiyi iki ildən sonra bir çox yerlərdə ilkin əməliyyat hazırlığına nail olunub”.
O, Şərq sərhədinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə 10 milyard avro vəsaitin ayrıldığını qeyd edib.
Milli müdafiə naziri xatırladıb ki, “Şərq qalxanı” Rusiya (Köniqsberq vilayəti), Belarus və Ukrayna ilə sərhədləri əhatə edir. Bu layihə “artıq milli layihə deyil” və “müttəfiqlərin layihəsinə” çevrilib, çünki onun inşasına almaniyalı istehkamçılar da cəlb olunub, tezliklə NATO-nun şərq cinahının sərhədinin möhkəmləndirilməsində iştirak edən digər tərəfdaşlar da qoşulacaqlar.
“Bu, bütün NATO üçün strateji bir layihədir. Biz müdafiə infrastrukturunu, istehkam sistemini, həmçinin müasir kəşfiyyat və qoşunların müdafiəsi vasitələrini inkişaf etdirərək ölkənin dayanıqlığını və müdafiə potensialını gücləndiririk”, – deyə o bildirib.








