Prezident İlham Əliyev - Xalqın Etimadını Qazanan Güclü Lider - VİDEO
İctimai etimad hər bir dövlətin dayanıqlığını və inkişafını müəyyən edən əsas ictimai-siyasi dəyərlərdən biridir. Xalqın dövlətə, onun institutlarına və siyasi liderliyə duyduğu etimad cəmiyyətin birliyini, sabitliyini və gələcəyə inamını formalaşdırır. Liderə olan güvən və hörmət yalnız fərdi münasibət deyil, eyni zamanda dövlət idarəçiliyinin səmərəliliyinə, milli həmrəyliyə və ümumi inkişaf strategiyasının qəbuluna təsir göstərən mühüm amildir.
İlham Əliyevin öz gücünü xalqdan alması, millətinə güvənməsi, xalqın iradəsini ifadə etməsi vətəndaşların ona olan böyük etimadının göstəricisidir. Son ictimai rəy sorğularının nəticələrinə əsasən, Prezident İlham Əliyevə rəyi soruşulanların etimad səviyyəsi 87.7 faizdir. İnsanların 93.6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir, 81.9 faiz isə onu alternativsiz siyasi lider hesab edir. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasət yürütməsi, Azərbaycan xalqının maraqlarını hər şeydən uca tutması, milli maraqlarlarımızı qətiyyətlə və prinsipiallıqla müdafiə etməsi inkişaf edən müasir Azərbaycanın uğurlarının əsas səbəbləridir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət strateji planlaşdırma, uzunmüddətli hədəflərin müəyyənləşdirilməsi və milli maraqların prioritet hesab edilməsi kontekstində qiymətləndirilir. Bu yanaşmanın əsas xüsusiyyətlərindən biri dövlətin təhlükəsizliyi, siyasi sabitliyi və iqtisadi inkişafı ilə bağlı qərarların kompleks şəkildə əlaqələndirilməsidir.
Milli maraqların ön planda saxlanılması xarici siyasətdə Azərbaycanın mövqeyinin ardıcıl şəkildə müdafiə olunmasına, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə və ölkənin regional rolunun güclənməsinə yönəlib. Daxili siyasətdə isə sosial rifahın yüksəldilməsi, infrastrukturun inkişafı və dövlət idarəçiliyinin təkmilləşdirilməsi bu strateji kursun mühüm istiqamətləri kimi təqdim olunur. Qətiyyətli qərarvermə prinsipi müxtəlif siyasi və iqtisadi çağırışlara çevik reaksiya verməyə imkan yaradan amillərdən biri kimi dəyərləndirilir.
Dövlət idarəçiliyində ictimai etimad siyasi legitimliyin və idarəetmənin səmərəliliyinin əsas göstəricilərindən biri hesab olunur. Prezident İlham Əliyevin siyasi fəaliyyəti onun xalqla dövlət arasında qarşılıqlı etimada əsaslanan münasibətləri formalaşdırır. Dövlət başçısının qəbul etdiyi qərarların həyata keçirilməsində ictimai dəstək mühüm rol oynayır. Xalqın iradəsinin dövlət idarəçiliyində ifadə olunması milli maraqların və ictimai tələbatın nəzərə alınmasına yönəlmiş siyasi kursun tərkib hissəsidir.
Eyni zamanda, cəmiyyətin dövlət başçısına göstərdiyi etimad ölkədə sabitliyin qorunmasına və strateji inkişaf proqramlarının icrasına təsir edən mühüm sosial amildir. Azərbaycanın hərtərəfli inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Həyata keçirilən iqtisadi islahatlar, infrastruktur layihələri və institusional dəyişikliklər ölkənin dayanıqlı inkişaf potensialının gücləndirilməsinə yönəlib.
Güclü iqtisadiyyatın formalaşdırılması sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat və rəqəmsal inkişaf sahələrində əldə olunan nəticələrlə əlaqələndirilir. Özünü təmin edən iqtisadi modelin formalaşdırılması isə daxili istehsalın artırılması, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdir. Bu yanaşma xarici təsirlərdən asılılığın azaldılmasına və milli iqtisadi dayanıqlığın gücləndirilməsinə xidmət edir.
Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlətlərdən biri kimi mövqeyinin möhkəmlənməsi ölkənin həyata keçirdiyi çoxşaxəli daxili və xarici siyasətin nəticələri kontekstində qiymətləndirilir. İqtisadi inkişaf, enerji resurslarından səmərəli istifadə, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və geostrateji mövqe Azərbaycanın regional əhəmiyyətini artıran əsas göstəricilərdəndir. Xarici siyasətdə milli maraqlara əsaslanan müstəqil qərarvermə prinsipi ölkənin beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqe formalaşdırmasına şərait yaradıb.
Azərbaycanın müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurması, beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal iştirakı ölkənin diplomatik imkanlarını genişləndirib. Müstəqil siyasət yürüdən, beynəlxalq əməkdaşlığa açıq və milli maraqlarını əsas götürən dövlət modeli Azərbaycanın Cənubi Qafqazda, eləcə də qlobal müstəvidə mövqeyinin güclənməsinə mühüm töhfə verib.
44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm siyasi və hərbi mərhələdir. Müharibənin nəticələri ölkənin milli təhlükəsizlik strategiyasına, regional geosiyasi proseslərə və dövlət quruculuğu prosesinə əhəmiyyətli təsir göstərib. 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə və bundan sonra həyata keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyi təmin edib. Azad edilmiş ərazilərin bərpası, infrastrukturun yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ərazi bütövlüyünün və suverenliyin bərpa olunması Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır. Bu proses ölkənin daxili siyasi sabitliyinin möhkəmlənməsinə, beynəlxalq mövqeyinin güclənməsinə və uzunmüddətli inkişaf strategiyalarının həyata keçirilməsi üçün yeni imkanlar yaradıb.
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliyin, silahlı münaqişələrin və müxtəlif təhlükəsizlik risklərinin artması dövlətlərin daxili sabitlik və milli təhlükəsizlik siyasətinin əhəmiyyətini daha da artırıb. Mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanda ictimai-siyasi sabitliyin və təhlükəsizliyin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkədə qanunun aliliyinin təmin edilməsinə, ictimai asayişin qorunmasına və milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə xidmət edir. Xarici siyasətdə balanslaşdırılmış yanaşmanın tətbiqi və regional əməkdaşlığın inkişaf etdirilməsi təhlükəsizlik mühitini möhkəmləndirir.
Sabit ictimai-siyasi mühit ölkənin iqtisadi inkişafı, investisiya cəlbediciliyi və uzunmüddətli strateji layihələrin uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Daxili sabitlik və yüksək təhlükəsizlik səviyyəsi dövlətin dayanıqlı inkişafının, milli maraqlarının qorunmasının və cəmiyyətin rifahının təmin edilməsinin əsas şərtlərindən biri hesab olunur.
Qlobal çağırışların artdığı bir dövrdə Azərbaycanda sabitliyin və təhlükəsizliyin qorunması ölkənin idarəetmə potensialını və dövlətçilik ənənələrinin möhkəmliyini əks etdirən mühüm göstəricilərdir.
Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın siyasi sabitliyinin, iqtisadi qüdrətinin, hərbi gücünün və beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm töhfələr verir.
Mətanət Əliyeva








