"PSJ" "Aston Villa"nı məğlub edərək UEFA Superkubokunun qalibi olub
2026-cı il UEFA Superkuboku uğrunda Fransanın “PSJ” və İngiltərənin “Aston Villa” klubları arasında keçirilən oyun başa çatıb.
“TV1” xəbər verir ki, qarşılaşma Zalsburqdakı “Red Bull Arena” stadionunda baş tutub.
Qarşılaşmanın baş hakimi Somalidən olan Ömər Əbdulqadir Artan olub.
“PSJ” futbolçuları matçda 2:1 hesabı ilə qələbə qazanaraq ardıcıl ikinci mövsüm UEFA Superkubokunun sahibi olublar. Parislilər yeni mövsümdə ilk kuboklarını əldə ediblər.
Görüşün əvvəlində oyun aşağı tempdə keçib, lakin parislilər dərhal təşəbbüsü ələ alıblar. 20-ci dəqiqədə Xviça Kvaratsxeliya güclü zərbə ilə hesabı açıb.
“PSJ” fasiləyə üstün hesabla yollanmağa yaxın olub. Lakin 45-ci dəqiqədə 17 yaşlı Brayan Madjo Paço ilə mübarizədə üstün olaraq hesabı bərabərləşdirib — 1:1.
Luis Enrike ilk hissənin uğursuz sonluğuna əvəzetmə ilə cavab verib — debüt edən Maqnes Akliuşun əvəzinə meydana “Qızıl top”un sahibi Usman Dembele çıxıb.
Matçın 62-ci dəqiqəsində Dezire Duenin vurduğu qol PSJ-yə qələbə qazandıran yekun hesabı müəyyənləşdirib — 2:1. Qol epizodunda hər iki komandanın futbolçuları ötürmə zamanı Duenin ofsaydda olduğunü düşünsələr də, “Renn”in sabiq futbolçusu epizodu sona qədər davam etdirib. Dué həmçinin matçın ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, ötən mövsüm “PSJ” Çempionlar Liqasının qalibi olub. Finalda Paris komandası Londonun “Arsenal” klubunu məğlub edib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə “PSJ” 4:3 hesabı ilə üstün olub.
“Aston Villa” isə Avropa Liqasının qalibi olub. İngiltərə komandası finalda “Frayburq”u 3:0 hesabı ilə darmadağın edib.








