Qardaşlıq kölgəsində qaranlıq səhifələr: Azərbaycan-Türkiyə münasibətlərinin sərt sınaqları
Azərbaycan-Türkiyə münasibətləri son dönəmlər dostluq və yüksək səviyyəli strateji tərəfdaşlıq formatında uğurla inkişaf edir. Bununla belə, vaxtaşırı Türkiyədəki bəzi siyasi dairələrin Azərbaycana qarşı qərəzli kampaniyalara rəvac verdiyinin şahidi oluruq. Bu fonda hələ ötən əsrin əvvəllərində nəinki bəzi Türkiyə vətəndaşlarının, hətta yüksək səviyyəli məmurlarının iştirakı ilə 90-cı illərin ortalarında Azərbaycanda törədilən dövlət çevrilişi cəhdlərini xatırlamamaq mümkün deyil.
Həmin şəxslərin bilavasitə iştirakı ilə ilk belə cəhd 1994-cü ilin oktyabrında, ikincisi isə altı ay sonra — 1995-ci ilin mart ayında baş vermişdi. Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) 60 məmurunu dövlət çevrilişinə hazırlamaq məqsədilə 1994-cü ilin dekabr ayının ortalarında Azərbaycana Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) təmsilçisi Korkut Eken, İbrahim Şahin, Türkiyənin Özəl Hərəkat Dairəsi Başkanlığının təmsilçisi Ayxan Çarxın və Abdullah Çatlının daxil olduğu qrup gəlmişdi. Onların ölkəmizə XTPD-nin komandiri Rövşən Cavadov tərəfindən dəvət olunduğu müəyyənləşdirilmişdi.
1995-ci il martın 17-də Türkiyədəki müəyyən dairələrin dəstəklədiyi və istiqamətləndirdiyi qiyamçılar Azərbaycan Prezidenti Aparatının binasını ələ keçirmək və dövlət başçısına qarşı terror aktı törətmək məqsədilə hücum təşkil etdilər. Ölkə rəhbərliyinin qətiyyəti, Silahlı Qüvvələrin və hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti sayəsində bu cəhdin qarşısı alındı, lakin dövlət asayişini qoruyan qüvvələrlə sui-qəsdçilər arasında baş verən toqquşmada itkilər oldu.
Hadisənin ertəsi günü tapılan sənədlər çevriliş cəhdində Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Fərman Dəmirqolun fəal iştirak etdiyini üzə çıxardı. Hüquqşünas və alim kimi qələmə verilən, sonradan Türkiyə kəşfiyyatına bağlı olduğu aşkarlanan bu şəxs Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycan parlamentinin müşaviri təyin edilmiş, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində professor statusu alaraq müəllim kimi də çalışmışdı. TİKA-nın (Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi) nümayəndəsi kimi çalışan Fərman Dəmirqolun Türkiyənin Azərbaycandakı o vaxtkı səfiri Altan Karamanoğlundan aylıq maaş aldığı da məlum olmuşdu.
Qeyd edək ki, TİKA öz xarici ofisləri vasitəsilə Türkiyənin xarici yardımlarının təşkili ilə məşğul olub. 1995-ci ilin martında Azərbaycanda dövlət çevrilişinə cəhddən sonra Fərman Dəmirqol kimilərinin həmin vəsaitləri kimlərə və nə üçün xərclədikləri ifşa olundu.
Çevriliş cəhdindən 4-5 ay sonra sui-qəsdçilər Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin yaşadığı Kələki kəndinə gedərək ona çevrilişdən sonra Dövlət Şurasının yaradılacağını bildirmişdilər. Planlaşdırılan bu Şuraya Fərman Dəmirqol, Əbülfəz Elçibəy, həmçinin həmin vaxt beş ildən çoxdur Moskvada yaşayan keçmiş prezident Ayaz Mütəlibov və digər şəxslərin daxil olması nəzərdə tutulurdu. Xalq Cəbhəsi hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış Müsavat Partiyasının üzvü Tofiq Qasımov da bu sui-qəsdin iştirakçıları arasında idi.
Prezident Heydər Əliyev XTPD rəisi Rövşən Cavadovun qiyamı dayandırması üçün onun atasını danışığa dəvət etmişdi. Həmin vaxt Rövşən Cavadovun ətrafındakı şəxslər arasında dövlət çevrilişinin fəal iştirakçısı olan Fərman Dəmirqol da var idi. Həbs olunduqdan sonra barəsində bir çox sənəd tapılsa da, Fərman Dəmirqol Azərbaycandan çıxa bildi. Bunda onu gizlədə bilən Azərbaycandakı bəzi türk rəsmilərinin, o cümlədən səfir Altan Karamanoğlunun böyük rolu oldu. Həmin hadisələrə görə, həbs olunanlar arasında digər Türkiyə vətəndaşı Kənan Gürel də var idi.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının 1996-cı ildə açıqladığı məlumatlara görə, həmin dövrdə baş nazir olmuş Tansu Çillər nazir Ayvaz Gökdemirə, polis rəhbəri Mehmet Ağara, İbrahim Şahinə və Korkut Ekenə Elçibəyi yenidən prezident kürsüsünə qaytarmaq üçün əməliyyata başlamağa icazə vermişdi. Eyni zamanda, MHP-nin ovaxtkı lideri Alparslan Türkeş də qiyamçıları dəstəkləmişdi. Baş məsləhətçilər Acar Okan və Süleyman Kamil Yüceoralın da bu proseslərlə əlaqəsi aşkarlandı. Hadisəni araşdıran Türkiyənin Susurluq Komissiyasının üzvü Fikri Sağlar isə məqsədlərdən birinin Əfqanıstandan başlayan narkotik marşrutunu qorumaq olduğunu, Yüceoralın bunun üçün Əfqanıstanda general Əbdül Rəşid Dustuma pul ödədiyini bildirmişdi.
O dövrdə Prezident Heydər Əliyev türkiyəli vətəndaşların və yüksək vəzifəli məmurların bu qiyamdakı iştirakı barədə məlumatın ictimailəşdirilməməsi haqqında Ankaranın xahişini nəzərə almışdı. Lakin sonradan Türkiyə mətbuatında yayılan faktlar bu xəyanətkar mövqeyi üzə çıxardı. Hətta Bakıya gələn Tansu Çillər özü Heydər Əliyevdən Türkiyədəki sağçı qüvvələrə görə üzr istəmişdi. Heydər Əliyev isə 1998-ci ildə Türkiyə mətbuatına müsahibəsində Tansu Çilləri bu hadisələrdə iştirak etməkdə haqlı olaraq günahlandırmışdı.
Bu cəhdlərin təməlində həm də iqtisadi maraqlar dayanlırdı. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Azərbaycanın Türkiyə ilə iqtisadi münasibətləri birtərəfli xarakter daşıyırdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə vəziyyət köklü şəkildə dəyişdi və münasibətlər bərabərhüquqlu müstəviyə keçdi.
Hazırda Azərbaycan və Türkiyə münasibətləri qarşılıqlı hörmətə və maraqların birgə müdafiəsinə əsaslanır. Lakin görünür, bu reallığı həzm edə bilməyən bəzi qüvvələr zaman-zaman müxtəlif təxribatlara əl ataraq yenə də köhnə üsullarla nəticə əldə etməyə çalışırlar.
TV1








