Qusarın Laza kəndində yenidən lil axını qeydə alınıb
Qusarın Laza kəndində dağlıq ərazilərdən yaşayış məntəqəsinə doğru yenidən palçıq və lil axını müşahidə olunub.
“TV1” xəbər verir ki, rayon icra hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov AZƏRTAC-a bildirib ki, iyunun 29-u, günün ikinci yarısında baş verən lil axını bu dəfə qısa müddətdə davam edib və fəsad törətməyib.
“Ötən il sentyabr ayında güclü palçıq axını qeydə alınmışdı. Həmin vaxt Ləzə kəndində yola və bəzi təsərrüfatlara ziyan dəymişdi. Ondan sonra tərəfimizdən qabaqlayıcı tədbirlər görülüb. Suyun axarı təmizlənərək, 4 metrədək dərinləşdirilmişdi. Bu dəfə lil axını qısa müddət davam edib və axdığı kanalın məcrasından kənara çıxmayıb. Nümayəndələrimiz ərazidə olub. Heç bir fəsad yoxdur. Vəziyyətə nəzarət olunur”, – deyə Şahid Fərəməzov söyləyib.
Azərbaycanın şəlalələr diyarı adlandırılan Qusar rayonunun Laza kəndi turistlər arasında məşhurdur. Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənddə 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir.








