Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir
Kibercinayətkarlığın bir istiqaməti də ölkəmizin ideologiyasına təsir göstərmək, insanların beynini yumaq, xüsusilə gənclərin tərbiyəsinə və dünyagörüşünə təsir etməkdir. Belə risklər mövcuddur və bu, kibertəhlükəsizliyin qarşısında duran əsas məsələlərdən biridir. Söhbət təkcə hansısa kompüterdə faylın dağıdılmasından getmir. Eyni zamanda, bu imkanlardan, xüsusilə süni intellekt texnologiyalarından istifadə etməklə ölkəmizin formalaşmış ideologiyasına, siyasətinə və Azərbaycan reallıqlarına ziyan vurmağa çalışırlar.
“TV1” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.
Akademik qeyd edib ki, əvvəllər də belə hallar baş verib, lakin son zamanlar Azərbaycanın inkişafının, müstəqil və heç nədən asılı olmadan apardığı suveren siyasətin kimlərinsə xoşuna gəlmədiyi görünür. Bu cür hallar qlobal səviyyədə həmişə olub və olacaqdır.
R.Əliquliyevin sözlərinə görə, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, təhsilin qarşısında mühüm vəzifə dayanır. Müxtəlif üsullardan, həm fiziki, həm də virtual imkanlardan istifadə etməklə gənclərə lazımi məlumatları vermək, onlara düzgün yolu göstərmək və bu istiqamətdə ardıcıl iş aparmaq vacibdir. Eyni zamanda, informasiya azadlığı şəraitində müxtəlif media qurumlarının imkanlarından istifadə etməklə həqiqətləri gənclərə çatdırmaq, baş verən proseslərin mahiyyətini, zərərli əməllərin və manipulyasiyaların necə həyata keçirildiyini izah etmək lazımdır.
Akademik vurğulayıb ki, bu məsələdə valideynlərin üzərinə xüsusi missiya düşür. Çünki uşaqların tərbiyəsi ilə birbaşa məşğul olan valideynlərdir. Məktəblərin də bu istiqamətdə mühüm rolu var. Onun sözlərinə görə, kibercinayətkarlığın mahiyyətini anlamaq, cəmiyyətdə kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq lazımdır. Bu, insanların geniş informasiya axınında nəyin doğru, nəyin yanlış olduğunu müəyyənləşdirə bilməsi baxımından mühüm əhəmiyyət daşıyır.








