Rusiyada Mərkəzi Asiya qazını Avropaya nəql edən kəmərdə partlayış baş verib
Rusiyanın Penza vilayətində “Mərkəzi Asiya – Mərkəz” magistral qaz kəmərində partlayış baş verib.
“TV1” xəbər verir ki, bu barədə “Kommersant” nəşri “Qazprom Transqaz Saratov” şirkətinə istinadən məlumat yayıb.
Partlayış Volçkovo kəndi yaxınlığında qeydə alınıb. Hadisədən sonra güclü məşəlvari yanma başlayıb və alov sütununun hündürlüyü təxminən 70 metrə çatıb.
Məlumata görə, qaz kəməri operativ şəkildə bağlanıb. Hadisə yerində quru otların da alışdığı bildirilir. Ölən və xəsarət alan yoxdur.
Qeyd edək ki, “Mərkəzi Asiya – Mərkəz” qaz kəmərləri sistemi Türkmənistan, Özbəkistan və Qazaxıstanın qaz yataqlarını Rusiya və Avropadakı istehlakçılarla birləşdirir. Təxminən 5 min kilometr uzunluğunda olan sistem bir neçə magistral qaz kəmərindən və onlara birləşən xətlərdən ibarətdir.








