Şakiranın Bişkek konserti - 33 ölkədən fanat axını...

media-ads_728_90

Dünya şöhrətli kolumbiyalı müğənni Şakiranın Qırğızıstanın paytaxtı Bişkekdə keçirəcəyi konsert ölkədə böyük marağa səbəb olub.

“TV1” xəbər verir ki, konsertin Qırğızıstan iqtisadiyyatına təxminən 30 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.

Şakira konsertdən əvvəl keçirilən məşqə qırğızların ənənəvi milli baş geyimi olan təbətəylə çıxıb. Konsert müğənninin Mərkəzi Asiyada ilk çıxışıdır. Konsert proqramı Şakiranın “Las Mujeres Ya No Lloran World Tour” adlı dünya turnesi çərçivəsində təşkil olunub.

Qırğızıstanın Dövlət Turizmin İnkişafı Agentliyinin rəhbəri Eduard Kubatovun açıqlamasına görə, 60 min tamaşaçının qatıldığı konsertdə 30 mini xarici turist olub.

Hesablamalara əsasən, hər xarici qonağın bilet, mehmanxana, nəqliyyat və digər xidmətlərə orta hesabla 940 dollar xərcləyəcəyi nəzərdə tutulur. Bunun nəticəsində ölkə iqtisadiyyatına təxminən 30 milyon dollar vəsait daxil ola bilər. Bu məbləğ hələlik rəsmi proqnozdur. Qırğızıstanın dövlət informasiya agentliyi “Kabar”ın oktyabrın 18-də yaydığı məlumata görə, Şakiranın konsertinə dünyanın 33 ölkəsindən bilet alınıb. Ən böyük maraq Qazaxıstan, Rusiya və Özbəkistan sakinləri tərəfindən göstərilib.

Konsertin bilet qiymətləri əsas kateqoriyalar üzrə 12 min somdan 40 min soma qədər müəyyənləşdirilib. VIP biletlərin qiyməti 120 min, VVIP biletlərin qiyməti isə 180 min som olub. Qırğızıstan Prezidentinin İşlər İdarəsinin rəhbəri Kanıbek Tumanbayev bildirib ki, konsert özəl şirkət tərəfindən təşkil edilir və Şakiranın qonorarına dövlət büdcəsindən vəsait ayrılmayıb.

Onun sözlərinə görə, stadionun icarəsindən əldə edilən vəsait obyektin saxlanmasına yönəldiləcək. Qırğızıstan rəsmiləri hesab edirlər ki, ildə 15–20 belə irimiqyaslı tədbirin keçirilməsi “Bişkek Arena”nın tikintisinə çəkilən xərclərin 5–7 il ərzində geri qaytarılmasına imkan verə bilər.

media-ads_728_90
Paylaş