“SİMA həlləri” WUF13-də təqdim edilib
“AZCON Holding”in şirkətlərindən olan “AzInTelecom” MMC-nin nümayəndələri Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) çıxış ediblər.
“TV1” xəbər verir ki, “AZCON Holding”in stendində təşkil olunan infosessiyalar çərçivəsində şirkət əməkdaşları rəqəmsal identifikasiya və “ağıllı şəhər” texnologiyalarına həsr olunmuş iki fərqli təqdimat nümayiş etdiriblər.
Forumun ikinci günündə keçirilən “Şəhər mühitində rəqəmsal identifikasiya: SİMA ilə vətəndaşların rəqəmsal xidmətlərə etibarlı qoşulması” mövzusunda infosessiyada müasir urbanizasiya şəraitində rəqəmsal həllərin yaratdığı imkanlardan bəhs olunub. Təqdimat zamanı vətəndaşların dövlət və özəl xidmətlərdən fiziki müraciət etmədən, tamamilə onlayn və təhlükəsiz şəkildə istifadə imkanlarının əhəmiyyəti vurğulanıb. Forumun beşinci günündə isə “Ağıllı şəhərlər üçün rəqəmsal etimad: “SİMA İmza” ilə təhlükəsiz şəhər xidmətlərinin təmin edilməsi” mövzusunda növbəti infosessiya baş tutub. Sessiyada “ağıllı şəhər” konsepsiyasının yalnız texnoloji infrastruktur və internetə bağlı cihazlarla məhdudlaşmadığı, ekosistemdə rəqəmsal etimadın vacibliyi vurğulanıb.
Hər iki infosessiya zamanı “AzInTelecom” tərəfindən yaradılmış “SİMA Rəqəmsal Həllər Platforması”nın “ağıllı şəhər” ekosistemində və rəqəmsal identifikasiya sahəsində oynadığı rol müzakirə olunub. Təqdimatlarda SİMA vasitəsilə təhlükəsiz identifikasiya, məsafədən xidmətlərə çıxış və rəqəmsal imza imkanlarının şəhər xidmətlərinin daha əlçatan və etibarlı şəkildə təqdim edilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb.








