Simonyan Bakıya səfər edəcəyini istisna etməyib

media-ads_728_90

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib ki, o, Azərbaycanın sülh prosesini dərinləşdirmək üçün addımlar atmağa davam etmək üçün praktik istəyini görür.

“TV1” “Newsam”a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.

A.Simonyan qeyd edib ki, Yerevan və Bakı saxlanılanların və itkin düşmüş şəxslərin taleyi də daxil olmaqla, həll olunmamış məsələlər üzərində işləməyə davam etmək barədə razılığa gəliblər.

O həmçinin vurğulayıb: “Azərbaycan tərəfi sülhə doğru bütün addımları atacaq və hazırda da atır”.

A.Simonyanın sözlərinə görə, Azərbaycan tərəfi ilə təmaslar zamanı saxlanılan və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, bütün bu məsələləri müzakirə etdik və prosesi dərinləşdirməyə davam etmək, hələ həll olunmamış məsələlərin həlli üçün yeni mexanizmlər tətbiq etmək barədə razılığa gəlinib”.

A.Simonyan həmçinin Ermənistan və Azərbaycan cəmiyyətlərinin bir-birinə münasibətində tədricən dəyişikliyin zəruriliyini də qeyd edib.

“Biz təkcə Ermənistanda deyil, həm də Azərbaycanda insanların münasibəti baxımından 30 illik mirası dəyişdirə bilməliyik”, – deyə o qeyd edərək, iki ölkə arasında nümayəndə heyətləri arasında qarşılıqlı səfərlərin artıq baş tutduğunu və bu əlaqələrin davam etməli olduğunu əlavə edib.

Azərbaycana mümkün səfərlə bağlı sualı cavablandıran A.Simonyan Bakıya səfər edəcəyini də istisna etməyib.

O xatırladıb ki, bundan əvvəl Dilicanda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib.

“Mən özümün belə bir səfər edə biləcəyimi istisna etmirəm. Konkret məlumat və ya vaxt verə bilmərəm”, – deyə A.Simonyan bildirib.

Onun sözlərinə görə, daha bir görüşün keçirilməsi barədə razılıq var, lakin konkret tarixlər hələ müəyyən edilməyib.

A.Simonyan Azərbaycanda saxlanılan erməni əsirlərin taleyi ilə bağlı şərhində bildirib ki, Yerevan bu məsələni gündəmdən çıxarmaq niyyətində deyil.

“Bu məsələ ilə məşğul olmamaq və ya bu məsələni gündəliyimizdən çıxarmaq üçün heç bir seçimimiz yoxdur”, – deyə o bildirib.

Eyni zamanda, Təhlükəsizlik Şurasının katibi problemin nə vaxt tam həll olunacağı barədə fərziyyə irəli sürmək istəmədiyini və onun həlli üçün davam edən işlər barədə danışmağa üstünlük verdiyini qeyd edib.

Qeyd edək ki, sentyabrın 1-də Bişkekdə Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş baş tutub.

media-ads_728_90
Paylaş