Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib
Nazirlər Kabinetinin qərarı ilə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin məbləğləri müəyyən edilib.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 99-cu maddəsinə əsasən, su obyektlərindən istifadə ilə bağlı ödəniş növləri və qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Bu məqsədlə Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması təsdiqlənib.
Müqavilə formasının təsdiqlənməsi tərəflərin hüquq və vəzifələrinin konkret müəyyənləşdirilməsinə, sudan istifadə şərtlərinin aydınlaşdırılmasına, həmçinin bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsinə xidmət edir.
Qərara əsasən, ödənişlərin məbləği istifadə edilən su obyektinin növündən – Xəzər dənizi, çaylar, göllər və yeraltı sulardan – və istifadə məqsədindən asılı olaraq fərqlənir. Tariflər götürülən suyun və axıdılan tullantı suyunun həcminə, həmçinin istifadə olunan su akvatoriyasının sahəsinə uyğun müəyyənləşdirilib.
Belə ki, Xəzər dənizindən sənaye məqsədilə götürülən 10 000 litr su üçün ödəniş 4 qəpikdir. Çay və göllərdən sənaye məqsədilə götürülən 1000 litr su üçün 4 qəpik, kənd və meşə təsərrüfatı məqsədilə götürülən 10 000 litr su üçün 1 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 000 litr su üçün isə 1 qəpik ödəniş nəzərdə tutulub.
Yeraltı sulardan sənaye məqsədilə götürülən 1000 litr su üçün ödəniş 40 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 000 litr su üçün isə 2 qəpik müəyyən edilib.
Tullantı sularının su obyektlərinə axıdılmasına görə də tariflər müəyyənləşdirilib. Xəzər dənizinə məişət və sənaye tullantı sularının axıdılması zamanı hər 1000 litr üçün 1 qəpik ödəniş tətbiq olunur. Çay və göllərə məişət tullantı sularının axıdılması zamanı hər 1000 litr üçün 1 qəpik, sənaye tullantı sularının axıdılması zamanı isə 4 qəpik ödəniş nəzərdə tutulub.
Tullantı suları sutəmizləyici qurğular vasitəsilə müəyyən edilmiş normalara uyğun səviyyəyə çatdırıldıqdan sonra su obyektlərinə axıdılarsa, ödənişlər 0,7 əmsalı tətbiq edilməklə hesablanacaq.
Qeyd olunur ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə tariflər su təsərrüfatı obyektlərindən su təchizatı və tullantı sularının axıdılması üzrə mövcud qiymətlərlə müqayisədə xeyli aşağı müəyyən edilib. Xüsusilə kənd təsərrüfatında hər 1000 litr su üçün ödəniş 1 qəpikdən də aşağıdır.
Bildirilib ki, tətbiq edilən ödənişlərin kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərməsi gözlənilmir və tariflərin bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün əhəmiyyətli əlavə maliyyə yükü yaratmayacağı nəzərdə tutulur.
Yeni mexanizmin su ehtiyatlarından səmərəli və məqsədyönlü istifadənin təşviqinə, sudan istifadə sahəsində uçot və hesabatlılığın gücləndirilməsinə, həmçinin su ehtiyatlarının mühafizəsi və dayanıqlı idarə olunmasına xidmət edəcəyi bildirilir.








