Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa qalasını ziyarət ediblər
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimlərindən ibarət 50 nəfərlik nümayəndə heyətinin Qarabağa səfəri başlayıb.
“TV1” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlib.
Qonaqlar Şuşanın zəngin tarixi-mədəni və dini-mənəvi irsi, əsrarəngiz təbiəti, eləcə də şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olacaqlar. Din xadimlərinin Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı və Mamayı məscidlərini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarəti, həmçinin Cıdır düzündən Şuşanın təbiət mənzərələrini seyr etmələri nəzərdə tutulur.








